Əzələlər üçün xüsusilə zərərli məhsullar açıqlandı

SAĞLAMLIQ
19:58 / 24.06.2026
43

Kaliforniya Universitetinin (San-Fransisko) alimləri müəyyən ediblər ki, kolbasa məhsullarının, sənaye üsulu ilə hazırlanmış şirniyyatların və energetik içkilərin mütəmadi istifadəsi bud əzələlərində yağ toplanmasını sürətləndirə və ümumilikdə əzələ toxumasının keyfiyyətini pisləşdirə bilər. 

HİT.az xəbər verir ki, tədqiqatın nəticələri “Radiology” jurnalında dərc olunub.

Qidalanmanın əzələ sağlamlığına təsir etdiyi əvvəllər də məlum idi. Lakin indiyədək aparılan tədqiqatlar əsasən zülal kimi ayrı-ayrı qida maddələrinin faydalarına fokuslanırdı. Sağlam olmayan qidaların əzələ toxumasına mümkün zərəri isə daha az öyrənilib.

Bu boşluğu aradan qaldırmaq üçün tədqiqatçılar diz osteoartriti inkişaf riski yüksək olan 615 nəfərin məlumatlarını təhlil ediblər. Maqnit-rezonans tomoqrafiyası vasitəsilə alimlər bud əzələlərində yağ miqdarını ölçüb və bu göstəriciləri iştirakçıların qidalanma rasionu ilə müqayisə ediblər.

Məlum olub ki, ultra-emal olunmuş məhsulları daha çox istehlak edən insanlarda əzələlərdə yağ infiltrasiyası səviyyəsi daha yüksəkdir. Bu əlaqə ümumi kalori qəbulu, yağların miqdarı, fiziki aktivlik və sosial-iqtisadi faktorlar nəzərə alındıqdan sonra da qorunub.

Ultra-emal olunmuş məhsullara dondurulmuş pizza, hazır yeməklər, şirin səhər yeməyi məhsulları, qablaşdırılmış qəlyanaltılar, kolbasa məmulatları, qənnadı məhsulları, qazlı və energetik içkilər daxildir. Bu cür qidalar adətən çoxlu miqdarda əlavələr, süni dadlandırıcılar, rəngləndiricilər və sənaye emalı nəticəsində yaranan digər komponentlərdən ibarət olur.

Tədqiqatın rəhbəri Zehra Akkaya bildirib ki, son onilliklərdə insanların qida rasionunda təbii məhsulların payı azalır, onların yerini isə sənaye üsulu ilə hazırlanmış qidalar tutur. Eyni zamanda piylənmə və osteoartrit kimi problemlərin yayılma göstəriciləri artır.

Samir

0