Dünyanın ən yaxşı qırıcılarından yalnız 187 ədəd istehsal edilib - Səbəb nədir?

DÜNYA
20:59 / 24.06.2026
54

Dünyanın ən qabaqcıl döyüş təyyarələrindən biri hesab edilən “F-22 Raptor”un cəmi 187 ədəd istehsal edilməsi diqqət çəkir. ABŞ bu proqramı tam dayandırıb və bunun arxasında bir neçə mühüm səbəb dayanır. 

HİT.az xəbər verir ki, bu barədə “WION” yazır.

Əvvəlcə ABŞ Hərbi Hava Qüvvələri ümumilikdə 750 ədəd “F-22” almağı planlaşdırırdı. Məqsəd köhnəlmiş “F-15” qırıcılarını əvəz etmək idi. Lakin 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra əsas hərbi təhdidin aradan qalxması planların kəskin şəkildə ixtisarına səbəb oldu.

Nəticədə proqramın xərcləri daha az sayda təyyarəyə bölündü və hər bir “F-22” qırıcısının qiyməti təxminən 350 milyon ABŞ dollarına qədər yüksəldi. Ümumilikdə proqramın dəyərinin 67,3 milyard dollar olduğu bildirilir və bu da istehsalın dayandırılmasında əsas arqumentlərdən biri olub.

İraq və Əfqanıstandakı müharibələr də qərara təsir göstərib. 2009-cu ildə büdcə araşdırmaları zamanı ABŞ Müdafiə Nazirliyi əsas diqqəti üsyançı qruplara qarşı əməliyyatlara yönəltmişdi. Bu şəraitdə yüksək qiymətli gizli texnologiyalı qırıcıların istifadəsi prioritet sayılmadı. Müdafiə naziri Robert Geyts belə təyyarələrin quru əməliyyatları üçün effektiv olmadığını bildirmişdi.

Digər mühüm amil ixrac məhdudiyyətləri idi. ABŞ Konqresi 1998-ci ildə “Obey” düzəlişini qəbul edərək “F-22”nin xarici ölkələrə satışını tam qadağan etdi. Bu qərar texnologiyanın məxfiliyini qorumaq məqsədi daşıyırdı.

Nəticədə “Lockheed Martin” şirkəti istehsal xərclərini kompensasiya etmək üçün təyyarəni heç bir xarici müştəriyə sata bilmədi.

Daha sonra ABŞ diqqəti daha universal və ixrac edilə bilən “F-35 Lightning II” proqramına yönəltdi. Bu model daha ucuz istismar xərclərinə malikdir və müttəfiq ölkələrə geniş şəkildə satılır. Beləliklə, “F-22” istehsal xətti tamamilə dayandırıldı.

Samir
 

0