Uğur mövzusu gündəmə gələndə valideynlər çox vaxt yaxşı qiymətlərə, istedada və intellektə fokuslanırlar. Yüksək nəticələrin yeni imkanların qapısını açacağını düşünərək bir çox valideyn illərlə övladının akademik göstəricilərini yaxşılaşdırmağa çalışır.
HİT.az xəbər verir ki, “Times Entertainment” nəşrinin məlumatına görə, uşağın gələcəyini formalaşdıran daha bir vacib bacarıq var – özünənəzarət.
Nəşr izah edir ki, özünənəzarət insana çətinlikləri aşmağa, sağlam münasibətlər qurmağa, düşünülmüş qərarlar verməyə və məqsədlərinə fokuslanmağa imkan yaradır.
Uşaqların tərbiyəsi üzrə məşqçi Supriya Malpani özünənəzarətin vacibliyini vurğulayaraq, uğur, xoşbəxtlik və sağlam münasibətlərin formalaşmasında əsas faktor olduğunu bildirib.
Onun sözlərinə görə, valideynlərin uşaqlara öyrətməyə kömək edə biləcəyi 4 əsas sahə var:
1. Sözlərə nəzarət et
“Düşünülən hər fikir mütləq cümləyə çevrilməməlidir”, deyə Malpani bildirib.
Qeyd olunur ki, emosiyalarını və fikirlərini sərbəst ifadə edən uşaqlara sözün münasibətlərə təsirini anlamaq öyrədilməlidir. Düşünülmədən deyilən söz etimadı sarsıda, düşünülmüş söz isə münasibətləri gücləndirə bilər.
Uşaqlara danışmazdan əvvəl “Demək istədiyim şey həqiqətən lazımdırmı?” sualını vermək tövsiyə olunur.
Məqalədə vurğulanır ki, danışmazdan əvvəl düşünmək sözlərin zəruriliyini dərk etməyə vaxt qazandırır.
2. Emosiyalara nəzarət et, onların davranışları idarə etməsinə imkan vermə
Nəşr qeyd edir ki, həyat həmişə istədiyimiz kimi olmur.
“Bəzən qəzəb, inciklik, məyusluq və ya qısqanclıq hiss etmək normaldır. Bu təbiidir. Lakin emosiyalar davranışları idarə etməyə başlayanda problemlər yaranır”, deyə məqalədə bildirilir.
Emosiyalarını idarə etməyi öyrənən uşaq qəzəbin qışqırmaq demək olmadığını, məyusluğun isə təslim olmaq anlamına gəlmədiyini anlayır. Emosional gücə sahib insan çətin situasiyaların öhdəsindən daha yaxşı gəlir.
“Sakitlik zəiflik deyil, emosional gücdür”, deyə ekspert əlavə edib.
3. İstəklərə nəzarət et, vacib olanı gözləməyi öyrən
Uşaqlar təbiətən istədiklərini dərhal əldə etmək istəyirlər: əlavə ekran vaxtı, yeni oyuncaq, ani mükafat və ya dostların razılığı.
“Ən böyük uğurlara nail olan insanlar erkən yaşda bir bacarığı mənimsəyirlər – onlar indi istədiklərini dərhal almaq əvəzinə, gələcəkdə əldə edəcəkləri məqsəd üçün gözləməyi bacarırlar”, deyə Malpani bildirib.
O, gecikdirilmiş məmnuniyyətin (səbir və özünüidarə) vacibliyini vurğulayır. Bu bacarığı inkişaf etdirən uşaq qısa müddətli rahatlığın həmişə ən yaxşı seçim olmadığını anlayır.
Nəticə etibarilə, nizam-intizam, səbir və məsuliyyət insanın potensialını reallaşdırmasına kömək edir.
4. Gündəlik vərdişlərə nəzarət et
Gündəlik vərdişlər kiçik görünə bilər, lakin təkrarlanan davranışlar xarakteri formalaşdırır.
“Gündəlik təkrarlanan kiçik vərdişlər xarakteri formalaşdırır, xarakter isə taleyi müəyyən edir”, deyə ekspert bildirib.
Qeyd olunur ki, ekran qarşısında həddindən artıq vaxt keçirmək, öhdəliklərdən yayınmaq və ya heç cəhd etməmək zamanla davranış modelinə çevrilə bilər. İnsanların əksəriyyəti istedadsızlıqdan yox, özünənəzarətin olmamasından uğursuz olur.
Nəşr izah edir ki, uşaqlar erkən yaşlardan diqqət yayındıran amillər, həmyaşıd təzyiqi, emosional çətinliklər və mürəkkəb seçimlərlə üzləşirlər.
İmpulsları idarə etmək bacarığı isə daha düzgün qərarlar verməyə kömək edir, hətta daha asan seçim cazibədar görünsə belə.
“Özünənəzarət uşaqlara hisslərini gizlətməyi və ya heç vaxt səhv etməməyi öyrətmir. Əksinə, bu, onların reaksiyalarını idarə etməyi, nəticələri anlamağı və qərarlarına görə məsuliyyət daşımağı öyrədir”, deyə vurğulanır.
Samir


