Son vaxtlar kişilərin üzləşdiyi böhran barədə çox danışılır. Onlarda qadınlara nisbətən daha az psixi pozuntu diaqnozu qoyulsa da, psixi sağlamlıq problemləri ilə qarşılaşdıqda daha tez-tez ağır nəticələrlə üzləşirlər. Yaxşı xəbər odur ki, kişiləri psixoloji yardım almaqdan çəkindirən stigma tədricən aradan qalxır.
HİT.az xəbər verir ki, bu barədə “Your Tango” yazır.
Kişilər emosional çətinliklər və psixi sağlamlıq problemləri üçün terapevtə müraciət etdikdə artıq ilk vacib addımı atmış olurlar.
Bununla belə, bir çoxları sual verir: evlilikdəki problemlər onun bədbəxtliyinin mənbəyinə çevrilirsə, kişiyə necə kömək etmək olar? Bir neçə mütəxəssis bu barədə fikirlərini bölüşüb. Terapevtlərin xoşbəxt olmayan kişilərdən ən çox eşitdiyi əsas şikayətlər bunlardır.
Partnyor onu həddən artıq tənqid edir
Kişinin dəyərləri və xarakteri davamlı tənqidə məruz qaldıqda bu, həm şəxsin özünə, həm də evliliyə ciddi zərər vura bilər. Münasibətdə diqqət problemin həllindən tənqidə keçdikdə kişi öz dəyər hissini itirə bilər.
Bu balanssız tənqid çox vaxt evliliyin ən dağıdıcı emosiyalarından biri olan nifrəti yaradır.
Kişiyə yönələn tənqid vərdiş halına çevrildikdə psixoloqlar bildirir ki, hətta o, davranışını dəyişməyə hazır olsa belə, bu qiymətləndirilmir, kifayət sayılmır və tezliklə “bəli, amma...” kimi cavablarla yeni iradlar ortaya çıxır.
Yaxşı xəbər odur ki, bu davranışı dəyişmək və üzərində işləmək mümkündür. Kişilər özlərini dəyərli, sevilən, hörmət edilən və qəbul olunan hiss etmək istəyirlər. Onlar tənqidə müdafiə reaksiyası vermədən özlərini ifadə etməyi öyrənə bilərlər.
Klinik psixoloq və həyat kouçu Syuzen Pazak bildirir ki, qarşılıqlı anlaşma və təriflər tənqidi azaldır və münasibətdə sağalma prosesi başlayır.
O, özünü daim mühakimə olunmuş hiss edir
“Psychology Today” üçün məqaləsində doktor Hariett Lerner yazır: “Özünü tərifdən daha çox mühakimə olunduğunu hiss edən heç kim evlilikdə xoşbəxt qala bilməz”. Elison Armstrongun “Queen’s Code” kitabında isə minnətdarlıq və dəyərləndirmənin əhəmiyyəti vurğulanır.
Bu müəlliflər kişilərin özlərini qiymətləndirilməmiş və tənqid olunmuş hiss etməsindən danışır. Psixoloqların kişilərdən ən çox eşitdiyi şikayət də məhz davamlı mühakimə hissidir. Xəyanət də daxil olmaqla bir çox şey münasibətə zərər vursa da, mühakimə hissi xüsusilə dağıdıcıdır.
Kişilər tez-tez düşünürlər ki, heç vaxt həyat yoldaşını tam məmnun edə bilməyəcəklər, çünki hər müsbət söz tənqidlə müşayiət olunur. Nəticədə hər iki tərəf emosional təhlükəsizlik hissini itirir.
Sadə, lakin vacib addım odur ki, əvvəlcə sual vermək, sonra nəticə çıxarmaq lazımdır.
O, yaxınlıq çatışmazlığı hiss edir
Travma və asılılıq üzrə ixtisaslaşmış psixoloqlar bildirir ki, yaxınlıq çatışmazlığı kişilərin ilk müraciətlərində ən çox qeyd etdiyi problemlərdən biridir.
Kişilər üçün yaxınlıq çox vaxt fiziki akt, qadınlar üçün isə emosional bağ kimi qəbul olunur. Bu fərq münasibətlərdə boşluq yaradır.
Patrisiya O’Qorman qeyd edir ki, stress – iş, uşaqlar, xəstəliklər və gündəlik çətinliklər – qadının emosional enerjisini azaldır və bu da yaxınlığa təsir edir.
“Qadın özünü emosional baxımdan yüklənmiş hiss edir, kişi isə tənha və uzaqlaşdırılmış hiss edir”, deyə o bildirir.
O, gündəlik məqsədlər və evlilik səbəblərini xatırlatmağın bu problemi azaltmağa kömək etdiyini vurğulayır.
Onda həyat yoldaşına qarşı yığılmış xırda narazılıqlar var
Bir çox kişi ailə terapiyasında özünü ifadə etdikdə aşağıdakı şikayətləri bildirir:
– Artıq bir neçə aydır yaxınlıq yoxdur
– O, fasiləsiz danışır
– Təkrarlanır və uzun-uzadı danışır, diqqətimi itirirəm
– Hər şeyi mənim etmədiyimi deyir, amma mən işimi, yolumu və ev işlərini də görürəm
– Emosiyalarını idarə edə bilmir və mənə hücum edir
– Mənim dostlarımı qəbul etmir
– Uşaqlara həddindən artıq nəzarət edir
– Öz ailəsini ideal, mənim ailəmi isə pis hesab edir
Samir


