Bu ilin ilk rübünün yekununda Azərbaycanda qeyri-dövlət sektorunda muzdlu işçilərin sayı 928 min 74 nəfərə çatıb.
Yeniavaz.com xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 33 min 278 nəfər və ya 3,7% çoxdur. Belə ki, ötən ilin eyni dövründə özəl sektorda muzdlu işçilərin sayı 894 min 796 nəfər olub.
Qeyd edək ki, özəl sektorda ən çox işçi ticarət sahəsində çalışır. Ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində 329 min 556 nəfər muzdlu işçi fəaliyyət göstərir ki, bu da özəl sektorda çalışanların təxminən 35,5%-ini təşkil edir. Bundan başqa emal sənayesində 118 min 981 nəfər, tikintidə 91 min 643 nəfər, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində 81 min 233 nəfər, peşə, elmi və texniki fəaliyyət sahələrində isə 39 min 865 nəfər işləyib.
Sonrakı yerlərdə maliyyə və sığorta fəaliyyəti (34 886 nəfər), əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi (32 736 nəfər), nəqliyyat və anbar təsərrüfatı (32 000 nəfər) və kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq (31 643 nəfər) qərarlaşıb.
Təkcə pərakəndə satış sahəsində 238 min 128 nəfər çalışır. Bu isə qeyri-dövlət sektorunda çalışan bütün muzdlu işçilərin 25,7%-inə bərabərdir. Başqa sözlə, özəl sektorda işləyən hər dörd nəfərdən biri pərakəndə satış sahəsində fəaliyyət göstərir.
İllik müqayisədə işçi sayında ən böyük artım turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində qeydə alınıb. Bu sahədə çalışanların sayı 60 min 215 nəfərdən 81 min 233 nəfərə yüksələrək 21 min 18 nəfər artıb. Artım əsasən içki və yeməklərin satışı ilə bağlı xidmətlər hesabına baş verib.
İşçi sayının artdığı digər əsas sahələr bunlar olub:
Peşə, elmi və texniki fəaliyyət – 3 376 nəfər artım;
Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi – 1 681 nəfər artım;
Təhsil – 2 809 nəfər artım;
Maliyyə və sığorta fəaliyyəti – 1 828 nəfər artım;
Emal sənayesi – 2 285 nəfər artım.
Ən böyük azalma isə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində qeydə alınıb. Burada muzdlu işçilərin sayı bir ildə 1 864 nəfər azalıb.


