Kredit faizləri uzun illərdir həm vətəndaşların, həm də sahibkarların ən çox narazılıq etdiyi məsələlərdən biri olaraq qalır.
Yüksək faiz dərəcələri maliyyə resurslarına çıxışı çətinləşdirir, biznesin inkişaf imkanlarını məhdudlaşdırır və əhalinin kredit yükünü artırır. Bəs bank kreditlərinin faizlərinin aşağı düşməsi üçün hansı addımlar atılmalı, bu istiqamətdə hansı mexanizmlər tətbiq edilməlidir?
İqtisadçı ekspert Asif İbrahimov Hit.az-a açıqlamasında deyib ki, cəmiyyətdə Mərkəzi Bank və ya hökumətin banklara göstəriş versə, kreditlərin dərhal ucuzlaşacağına dair gözlənti var:
“Halbuki məsələ bundan qat-qat mürəkkəbdir. Kredit faizi bankın qazanc istəyi ilə deyil, ilk növbədə iqtisadiyyatın risk səviyyəsi ilə formalaşır. Risk yüksəkdirsə, faiz də yüksək olacaq. Bu, maliyyə bazarının dəyişməz qanunudur.
Burada çox vacib bir məqamı unutmaq olmaz ki, güclü maliyyə sistemi yalnız güclü və effektiv iqtisadiyyat üzərində qurula bilər. Maliyyə sektoru iqtisadiyyatın güzgüsü və maliyyələşdirici mexanizmidir, onun alternativi deyil.
Real sektorda məhsuldarlıq, rəqabət qabiliyyəti, ixrac potensialı, investisiya cəlbediciliyi və biznes mühiti inkişaf etmədən maliyyə sistemindən ucuz kredit gözləmək iqtisadi qanunauyğunluqlara uyğun deyil. Effektiv iqtisadiyyat olmadan dayanıqlı maliyyə sistemi formalaşdırmaq mümkün deyil. Əgər həqiqətən kredit faizlərini azaltmaq istəyiriksə, ilk növbədə səbəbləri aradan qaldırmalıyıq”.

Həmsöhbətimiz bildirib ki, bu gün banklar yalnız kredit vermirlər, həm də riski qiymətləndirirlər:
“Müştərinin ödəmə qabiliyyəti, girovun likvidliyi, məhkəmə proseslərinin müddəti, inflyasiya gözləntiləri, maliyyə bazarındakı qeyri-müəyyənlik – bütün bunlar faiz dərəcəsinə təsir edən amillərdir. Hesab edirəm ki, kredit faizlərinin azalması üçün ən azı altı istiqamətdə ciddi islahatlara ehtiyac var. Birincisi, bankların maliyyə resurslarının dəyəri aşağı salınmalıdır. Bank özü vəsaiti bahalı cəlb edirsə, onu ucuz satması mümkün deyil. İkincisi, kredit riskləri azaldılmalıdır.
Girovun reallaşdırılması illərlə çəkirsə, problemli kreditlərin həcmi yüksəkdirsə və hüquqi mexanizmlər operativ işləmirsə, bank həmin riski faizlə kompensasiya edəcək. Üçüncüsü, bank sektorunda rəqabət gücləndirilməlidir. Sağlam rəqabət olmayan bazarda faizlərin inzibati qaydada aşağı salınmasını gözləmək iqtisadi baxımdan düzgün yanaşma deyil.
Dördüncüsü, inflyasiya aşağı və sabit olmalıdır. İnflyasiya yüksək olan iqtisadiyyatda ucuz kredit uzun müddət mövcud ola bilməz. Beşincisi, kapital bazarı inkişaf etdirilməlidir. Biznes yalnız bank kreditindən asılı qaldıqca bankların bazardakı üstün mövqeyi davam edəcək. İstiqraz bazarı, investisiya fondları və digər maliyyələşmə mexanizmləri genişləndirilməlidir. Altıncısı isə, sahibkarların maliyyə şəffaflığı artırılmalıdır”.
Ekspertin sözlərinə görə, maliyyə hesabatları beynəlxalq standartlara uyğun olduqda bankın riski azalır və bu da daha aşağı faizlə kredit verməyə imkan yaradır:
“Kredit faizlərini inzibati qaydada məcburi şəkildə aşağı salmaq bank sektorunda əks təsir yarada bilər. Belə olan halda banklar ya kredit verməyi məhdudlaşdıracaq, ya da daha sərt kredit şərtləri tətbiq edəcəklər. Nəticədə kreditə çıxış daha da çətinləşəcək. Məncə, əsas məqsəd faizləri süni şəkildə endirmək deyil, iqtisadi riskləri azaltmaq olmalıdır. Risk azaldıqca bazar özü faizləri aşağı salacaq.
Dünyanın inkişaf etmiş maliyyə sistemləri də məhz bu prinsip əsasında formalaşıb. Yaddan çıxarmayaq ki, maliyyə sistemi iqtisadiyyatı əvəz etmir, onu maliyyələşdirir. Güclü bank sistemi güclü iqtisadiyyatın nəticəsidir. Effektiv iqtisadiyyat olmadan uzunmüddətli aşağı faizli kredit siyasəti qurmaq mümkün deyil. Kredit faizləri iqtisadiyyatın güzgüsüdür. Əgər həmin güzgüdə yüksək faiz görürüksə, problemi güzgüdə deyil, iqtisadiyyatın özündə axtarmalıyıq”.
Günel Cəlilova


