Azərbaycanda audit sahəsində rəqəmsal idarəetməyə keçidi sürətləndirəcək yeni elektron platformanın istifadəyə verilməsi planlaşdırılır.
“Dövlət auditi” informasiya sistemi audit fəaliyyəti ilə bağlı məlumatların vahid rəqəmsal mühitdə toplanmasına və idarə olunmasına imkan verəcək. Yeni sistemin tətbiqi ilə audit xidmətlərinə çıxışın daha çevik və rahat olması, müxtəlif məlumatların vahid platformada əlçatanlığı və proseslərdə operativliyin artırılması gözlənilir.
Bəs bu rəqəmsal yenilik audit prosedurlarına konkret olaraq necə təsir göstərəcək? Şirkətlər üçün hansı yeni imkanlar formalaşacaq və audit prosesində vaxt itkisini, əlavə inzibati yükü nə dərəcədə azaltmaq mümkün olacaq?
Real Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli Hit.az-a açıqlamasında bildirib ki, yeni elektron platformanın əhəmiyyəti yalnız dövlət maliyyəsinə nəzarətin gücləndirilməsi ilə məhdudlaşmır:

“DAİS-in tətbiqi həm dövlət, həm də özəl sektorda audit prosedurlarının daha çevik həyata keçirilməsinə və prosesin sürətinin artırılmasına şərait yarada bilər. Burada söhbət yalnız dövlət nəzarətindən və büdcə vəsaitlərinin izlənilməsindən getmir.
Çünki ölkədə auditin məcburi xarakter daşıdığı müxtəlif fəaliyyət istiqamətləri mövcuddur. Məsələn, dövlət və ya özəl şirkətin tenderlərdə iştirak etməsi, eləcə də xarici maliyyə qurumlarından kredit cəlb etməsi zamanı audit hesabatlarına ehtiyac yarana bilər”.
Ekspert qeyd edib ki, qanunvericiliyin tələbinə əsasən, dövlət müəssisələrində də mütəmadi, o cümlədən illik auditlərin aparılması nəzərdə tutulur:
“Bu tələb müəyyən hallarda siyasi partiyalara da şamil edilir. Yəni auditə olan ehtiyacı yalnız dövlət büdcəsindən ayrılan vəsaitlərlə əlaqələndirmək düzgün olmaz. Dövlət maliyyəsinə nəzarət əsasən Hesablama Palatasının səlahiyyətlərinə aid olsa da, audit xidmətlərinə ehtiyac özəl sektorda da kifayət qədər genişdir. Əvvəllər elektron müraciət imkanlarının və vahid reyestrin olmaması şirkətlərin auditlə bağlı məlumat və sənədləri əldə etmək üçün dəfələrlə müraciət etməsinə səbəb olurdu”.
İqtisadçı onu da əlavə edib ki, yeni sistemin vahid məlumat bazası üzərindən onlayn fəaliyyət göstərməsi isə audit hesabatlarının axtarışını və əldə olunmasını daha rahat və operativ edə bilər.
Günel Cəlilova


