Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 57,5 milyard manatı ötüb

İQTİSADİYYAT
17:29 / 13.11.2026
24

2026-cı ilin yanvar–oktyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 57 milyard 523,4 milyon manatlıq mal satılıb.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, bunun 31 milyard 58,6 milyon manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 26 milyard 464,8 milyon manatını isə qeyri-ərzaq malları təşkil edib.

2025-ci ilin müvafiq dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 faiz artıb. Ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə artım 1,5 faiz, qeyri-ərzaq malları üzrə isə 6,6 faiz olub.

Hesabat dövründə əhaliyə 28 milyard 677,3 milyon manatlıq ərzaq məhsulları, 2 milyard 381,3 milyon manatlıq içkilər və tütün məmulatları satılıb. Bu məhsul qrupları üzrə satış real ifadədə müvafiq olaraq 1,5 faiz və 1,4 faiz artıb.

Toxuculuq məhsulları, geyim və ayaqqabıların satışı 4,2 faiz artaraq 8 milyard 54 milyon manata, elektrik malları və mebellərin satışı isə 8,7 faiz artaraq 2 milyard 871,2 milyon manata çatıb.

Ən yüksək artım kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının satışında qeydə alınıb. Bu məhsullar üzrə satış 32,6 faiz artaraq 970,1 milyon manat təşkil edib. Əczaçılıq məhsulları və tibbi ləvazimatların satışı isə 21,2 faiz artaraq 1 milyard 560,4 milyon manat olub.

Avtomobil yanacağının satışı 3,8 faiz artaraq 3 milyard 462,5 milyon manata, digər qeyri-ərzaq mallarının satışı isə 5 faiz artaraq 9 milyard 546,6 milyon manata yüksəlib.

0