Bananı geridə qoyan quru meyvə: Kaliumla zəngin məhsulun faydaları

SAĞLAMLIQ
16:33 / 13.11.2026
35

Kaliumun yüksək miqdarı ilə tanınan bananların bu sahədə ciddi rəqibi var. Söhbət qurudulmuş ərikdən gedir. Bu meyvə həm kalium, həm də lif baxımından zəngin olduğu üçün gündəlik qidalanmada faydalı seçim ola bilər.

HİT.az xəbər verir ki, bu barədə "Sadyogrody" nəşri yazıb.

Məlumata görə, 100 qram quru ərikdə təxminən 1162 milliqram kalium var. Eyni miqdarda təzə bananda isə bu göstərici 350-380 milliqram təşkil edir. Beləliklə, quru ərikdə kaliumun miqdarı bananla müqayisədə üç dəfədən çoxdur.

Quru ərik yalnız kalium mənbəyi deyil. Onun 100 qramında təxminən 250 kilokalori enerji və 7-8 qram qida lifi mövcuddur. Lif həzm sisteminin normal fəaliyyətinə, bağırsaqların işləməsinə və nəcisin tənzimlənməsinə kömək edir. Bununla belə, lifin orqanizmdə düzgün təsir göstərməsi üçün kifayət qədər su içmək də vacibdir.

Mütəxəssislər quru ərikdən həddindən artıq istifadə etməməyi tövsiyə edirlər. Tərkibində təbii şəkər və yüksək miqdarda kalori olduğuna görə gündə 2-3 ədəd yemək kifayət edə bilər. Bu meyvəni səhər yeməyində yulaf sıyığına, təbii yoqurta, kəsmiyə və ya qoz-fındığa əlavə etmək mümkündür.

Məhsul alarkən onun tərkibinə də diqqət yetirmək lazımdır. Bəzi quru əriklər parlaq narıncı rəngini qorumaq üçün kükürd dioksidlə emal olunur. Bu maddədən istifadə edilməyən əriklər isə adətən daha tünd, qəhvəyi rəngdə olur.

Kalium orqanizmdə maye və elektrolit balansının qorunmasında, sinir sisteminin fəaliyyətində və əzələlərin normal yığılmasında mühüm rol oynayır. Eyni zamanda, bu mineralın kifayət qədər qəbulu normal qan təzyiqinin saxlanmasına da kömək edir.

Kaliumu yalnız quru ərikdən almaq vacib deyil. Kartof, pomidor, ispanaq, avokado, banan, qara gavalı və lobya da bu mineralın yaxşı mənbələri hesab olunur.

Samir
 

0