Kiçik itlər niyə iri cinslərdən daha uzun yaşayır? - Alimlər mümkün səbəbi tapdı

MARAQLI
17:20 / 13.11.2026
30

Kiçik cins itlərin iri cinslərlə müqayisədə daha uzun ömür sürməsinin səbəbi ilə bağlı yeni elmi araşdırma aparılıb. Məlum olub ki, bu fərq heyvanların DNT-sindəki xüsusi genetik mexanizmlərlə əlaqəli ola bilər.

HİT.az xəbər verir ki, Macarıstanın HVG nəşri araşdırmanın nəticələrinə istinadən yazıb.

Arizona Dövlət Universitetinin alimləri 894 itin genetik göstəricilərini araşdıraraq onların DNT-sində metilləşmə prosesini öyrəniblər. Bu proses DNT ardıcıllığını dəyişdirmədən genlərin fəaliyyətinə təsir göstərən əsas epigenetik mexanizmlərdən biridir. O, həmçinin orqanizmin yaşlanmasını izləmək üçün mühüm bioloji göstərici hesab olunur.

Tədqiqatçılar müəyyən ediblər ki, itlər yaşlandıqca DNT metilləşməsinin səviyyəsi azalır. Bu dəyişiklik xüsusilə "sıçrayan genlər" adlandırılan transpozonlarda müşahidə olunur. Bunlar genom daxilində yerini dəyişə və ya özlərinin yeni surətlərini yarada bilən DNT hissələridir.

Alimlərin diqqətini xüsusilə LINE1 elementləri cəlb edib. Bu genetik elementlər genom daxilində hərəkət edərkən DNT-yə zərər verə bilər. Normal şəraitdə metilləşmə prosesi onların fəaliyyətini məhdudlaşdıraraq mümkün zədələnmələrin qarşısını almağa kömək edir.

Araşdırma zamanı LINE1 elementləri ilə əlaqəli genom sahələrinin 40 faizindən çoxunda yaş artdıqca metilləşmənin itirildiyi müəyyən olunub. Üstəlik, bu proses bütün itlərdə eyni sürətlə baş vermir.

Nəticələr göstərib ki, iri cins itlərdə LINE1 metilləşməsinin azalması kiçik cinslərlə müqayisədə daha sürətlidir. Belə ki, onların orqanizmində hər il bu göstərici təxminən 35 faiz daha çox azalır. Tədqiqatçılar bunun iri itlərin daha sürətli yaşlanmasının səbəblərindən biri ola biləcəyini düşünürlər.

Araşdırmanın həmmüəllifi Bleyz Mariner bildirib ki, əldə olunan nəticələr itlərin yaşlanması ilə əlaqəli indiyədək müşahidə edilmiş ən aydın molekulyar siqnallardan biridir. Onun fikrincə, iri cinslərdə yaşlanma prosesinin müəyyən hissəsi "sıçrayan genlər" üzərində nəzarətin zəifləməsi ilə bağlı ola bilər.

Alimlər hesab edirlər ki, bu mexanizm yalnız itlər üçün xarakterik olmaya bilər. Əgər oxşar proseslər digər məməlilərdə, o cümlədən insanlarda da müşahidə olunarsa, gələcəkdə "sıçrayan genlərin" fəaliyyətini məhdudlaşdıran müalicə üsulları ömrün uzadılmasına kömək edə bilər.

Qeyd edək ki, ümumilikdə məməlilər arasında bədən ölçüsü ilə ömür uzunluğu arasında fərqli qanunauyğunluq mövcuddur: məsələn, fillər və Qrenlandiya balinaları kiçik məməlilərdən daha uzun yaşayır. Lakin eyni növ daxilində, xüsusilə itlərdə, əks mənzərə müşahidə olunur. İri cinslər daha sürətlə böyüyür, yaşla əlaqəli xəstəliklərə daha çox məruz qalır və adətən daha erkən ölürlər.

Samir
 

0