Hər bir insanın özünəməxsus güclü tərəfləri var. Numeroloqların fikrincə, bu xüsusiyyətlər doğum tarixi ilə əlaqəli ola bilər. Onların yanaşmasına əsasən, insanın hansı sahədə daha çox uğur qazana biləcəyini müəyyənləşdirmək üçün doğulduğu ay və il deyil, yalnız ayın hansı günündə dünyaya gəldiyi nəzərə alınır.
HİT.az xəbər verir ki, UNIAN numeroloqların doğum tarixlərinə görə insanların üstün cəhətləri və şanslı olduqları sahələrlə bağlı qənaətlərini yayıb.
1, 10, 19 və 28-də doğulanlar – liderlik qabiliyyəti
Numerologiyada bu tarixlər özünəinam, nüfuz və liderliklə əlaqələndirilir. Belə insanların təşəbbüskar olduğu, diqqət çəkdiyi və başqalarını arxasınca apara bildiyi bildirilir. Onların himayədarı Günəş hesab olunur. Əsas üstünlükləri məqsədlərinə çatmaq üçün iradə və əzmkarlıq nümayiş etdirmələridir.
2, 11, 20 və 29-da doğulanlar – güclü intuisiya
Bu tarixlərdə doğulanların emosional zəkası və insanlarla münasibət qurmaq bacarığı ilə seçildiyi iddia edilir. Numeroloqlar onların başqalarının hisslərini yaxşı anladığını və insanlarda asanlıqla etibar yaratdığını düşünürlər. Ayın himayəsində olduğu deyilən bu şəxslər üçün uğurun açarı daxili səslərinə qulaq asmaqdır.
3, 12, 21 və 30-da doğulanlar – yaradıcılıq istedadı
Bu tarixlər yaradıcılıq, fərqli düşüncə və özünüifadə ilə əlaqələndirilir. Numeroloqlara görə, belə insanlar yeni ideyalar irəli sürməkdə və qeyri-adi həll yolları tapmaqda bacarıqlıdırlar. Onların himayədarı Yupiter sayılır. İstedadlarını nümayiş etdirmək və yaradıcı ideyalarını həyata keçirmək uğur imkanlarını artıra bilər.
4, 13, 22 və 31-də doğulanlar – sabitlik və maddi rifah
Bu günlərdə doğulanlar səbirli, intizamlı və məqsədyönlü insanlar kimi xarakterizə olunur. Onların əsas üstünlüyü uzunmüddətli planlar qurmaq və çətinliklər qarşısında geri çəkilməməkdir. Numerologiyada bu tarixlər Uranla əlaqələndirilir. Belə insanların ardıcıl fəaliyyəti və strateji düşüncəsi uğura aparan əsas amil hesab edilir.
5, 14 və 23-də doğulanlar – dəyişikliklərə uyğunlaşmaq bacarığı
Bu tarixlərdə dünyaya gələnlərin yeniliklərə açıq, maraqlı və çevik düşüncəli olduğu bildirilir. Onların himayədarı Merkuri hesab olunur. Numeroloqların fikrincə, bu insanlar gözlənilməz vəziyyətlərdə belə yeni imkanlar görə, asanlıqla ünsiyyət qura və faydalı tanışlıqlar əldə edə bilirlər.
6, 15 və 24-də doğulanlar – sevgi və münasibətlərdə uğur
Bu tarixlər harmoniya, sevgi və insanlarla isti münasibətlər qurmaqla əlaqələndirilir. Numeroloqlar belə insanların səmimiyyəti və mehribanlığı sayəsində ətrafındakıların rəğbətini qazandığını bildirirlər. Onların himayədarı Venera hesab olunur. Yeni tanışlıqlar bu insanlar üçün həm mənəvi dəstək, həm də müxtəlif imkanlar yarada bilər.
7, 16 və 25-də doğulanlar – güclü müşahidə və daxili hisslər
Bu tarixlərdə doğulanların analitik düşüncə, müşahidə qabiliyyəti və dərin təfəkkürlə seçildiyi iddia olunur. Numerologiyada onların himayədarı Neptun sayılır. Belə insanların hadisələrin görünməyən tərəflərini anlamağa çalışdığı, başqalarının diqqətindən yayınan detalları gördüyü bildirilir. Onlar üçün təklikdə düşünmək və öz müşahidələrinə güvənmək vacib hesab olunur.
8, 17 və 26-da doğulanlar – maddi uğur və məqsədlərə çatmaq
Bu tarixlər bolluq, maliyyə uğuru və məsuliyyət hissi ilə əlaqələndirilir. Numeroloqlar belə insanların idarəetmə qabiliyyətinin güclü olduğunu və ideyalarını konkret nəticələrə çevirməyi bacardıqlarını düşünürlər. Onların himayədarı Saturn hesab olunur. İntizamlı olmaq, prinsipiallıq və başladığı işi sona çatdırmaq əsas üstünlükləridir.
9, 18 və 27-də doğulanlar – başqalarına kömək etməklə qazandıqları uğur
Bu tarixlər mərhəmət, səxavət və ədalət hissi ilə əlaqələndirilir. Numerologiyaya görə, belə insanlar başqalarının problemlərinə laqeyd qalmır, ehtiyacı olanlara dəstək göstərməyə çalışırlar. Onların himayədarı Mars hesab olunur. İddialara görə, bu insanların yaxşılığı və başqalarına göstərdikləri dəstək çətin anlarda özlərinə də kömək kimi qayıda bilər.
Samir


