2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycana 13 milyon 30 min 970 dollar dəyərində 26 min 391.3 ton plastik tullantısı, qırıntısı və skrap gətirilib.
Oxu.Az rəsmi statistikaya istinadən xəbər verir ki, bu məhsullar yeddi ölkədən idxal olunub.
Ən böyük tədarükçü İran olub. Bu ölkədən Azərbaycana 9 milyon 851 min 630 dollar dəyərində 16 288.57 ton məhsul gətirilib. İran ümumi idxalın dəyər üzrə 75.6 faizini təmin edib.
İkinci yerdə Rusiya qərarlaşıb. Bu ölkədən 2 milyon 882 min 560 dollarlıq 9517.89 ton plastik tullantısı və qırıntısı idxal edilib. Rusiyanın ümumi məbləğdə payı 22.1 faizdir.
Beləliklə, idxal dəyərinin 97.7 faizi bu iki ölkənin payına düşüb. Digər tədarükçülər Gürcüstan, Səudiyyə Ərəbistanı, Belarus, Türkiyə və İraq olub.
Məhsul növləri üzrə idxalın ən böyük hissəsini etilen polimerlərinin tullantıları və qırıntıları təşkil edib. Bu kateqoriya üzrə ölkəyə 8 milyon 290 min 260 dollarlıq 12 min 996.23 ton məhsul gətirilib. Digər plastik kütlə tullantıları və qırıntılarının idxal dəyəri 4 milyon 214 min 210 dollar, vinilxlorid polimerlərinin tullantıları və qırıntılarının dəyəri isə 526 min 500 dollar olub.
Eyni dövrdə Azərbaycandan bu məhsullar üzrə 149 min 680 dollar dəyərində 292.05 ton ixrac qeydə alınıb. İxrac Türkiyə və Çinə həyata keçirilib.


