Qışın yaxınlaşması ilə bağlarda və yaşayış məntəqələrinin ətrafında al yanaqlı, rəngarəng lələkləri ilə seçilən al quşlara daha çox rast gəlinir. Xalq inanclarına görə, bu quşların görünməsi təkcə havaların soyumasının deyil, həm də həyatda müsbət dəyişikliklərin əlaməti hesab olunur.
HİT.az xəbər verir ki, Ukraynanın UNİAN nəşri bu quşlarla bağlı xalq arasında yayılan inancları araşdırıb.
Məlumata görə, al quşların bağda və evlərin yaxınlığında görünməsi, ilk növbədə, şaxtalı havaların və qar yağışının yaxınlaşması ilə əlaqələndirilir. Bu quşların bir qismi soyuqların düşməsi ilə şimal ərazilərindən daha mülayim bölgələrə köç edir. Onların bəziləri isə ilboyu eyni ərazilərdə yaşayır.
Qədim inanclara əsasən, al quşların davranışı qışın necə keçəcəyinə dair işarə kimi qəbul edilib. Belə ki, onların şən və gur səslə oxuması qışın nisbətən mülayim olacağına, səssiz qalması isə güclü çovğunların yaşanacağına yozulub.
Bu quşların görünməsi şəxsi həyatla bağlı da müsbət əlamət sayılır. Xalq inanclarında al quşlar sədaqətin, vəfanın və ailə harmoniyasının rəmzi hesab olunur. Bunun səbəbi onların uzun müddət cütlük şəklində yaşaması ilə əlaqələndirilir. Buna görə də bağda al quş görmək yaxınlarla münasibətlərin yaxşılaşacağına, küsülülərin barışacağına və ailə bağlarının möhkəmlənəcəyinə işarə kimi qəbul edilir.
Xüsusilə erkək və dişi al quşun birlikdə görünməsi xoş əlamət sayılır. İnanclara görə, belə bir mənzərə yeni ailə quran cütlüklər üçün uzunömürlü və xoşbəxt evliliyin rəmzidir.
Quşun pəncərənin yaxınlığına qonması isə xoş xəbər və ya uğurlu günlə əlaqələndirilir. Evə daxil olması gözlənilməz qonaqların gələcəyinə işarə kimi yozulur.
Mütəxəssislər soyuq aylarda bu quşları bağlara cəlb etmək üçün ağac və kolların həddindən artıq budanmamasını, təbii bitki örtüyünün qorunmasını tövsiyə edirlər. Həmçinin onların qidalanması üçün günəbaxan, balqabaq, kətan toxumları, duzsuz və qovrulmamış qoz-fındıq, eləcə də yemişan, üvəz və kalina giləmeyvələri qoymaq olar.
Quşları çörəklə, duzlu, qızardılmış və kiflənmiş qidalarla bəsləmək isə tövsiyə edilmir.
Samir


