Sinə nahiyəsində yaranan ağrının infarkt, yoxsa qabırğaarası nevralgiya ilə əlaqəli olduğunu yalnız hisslərin xarakterinə əsasən dəqiq müəyyənləşdirmək mümkün deyil. Həkimlər xəbərdarlıq edirlər ki, yeni başlayan və ya qeyri-adi sinə ağrısını dərhal sinir sıxılması ilə əlaqələndirmək təhlükəli ola bilər.
HİT.az xəbər verir ki, bu barədə “SM-Klinika”nın kardioloqu Yuliya Dolquşeva “Gazeta.Ru”ya açıqlamasında bildirib.
Mütəxəssisin sözlərinə görə, infarkt zamanı ağrı daha çox döş sümüyünün arxasında təzyiq, sıxılma, ağırlıq və ya yanma hissi şəklində özünü göstərir. Bu narahatlıq adətən sinənin mərkəzini və ya geniş hissəsini əhatə edir.
Ağrı bir və ya hər iki qola, çiyinə, kürəyə, boyuna, alt çənəyə və qarının yuxarı hissəsinə yayıla bilər. Xüsusilə yeriyərkən, pilləkən qalxarkən, fiziki yük və ya güclü stress zamanı yaranması xarakterikdir. Nəfəs darlığı, soyuq tər, ürəkbulanma, halsızlıq və başgicəllənmə də infarktın əlavə əlamətləri ola bilər. Bəzi hallarda ağrı istirahət zamanı da davam edir, azalıb yenidən başlayır.
Qabırğaarası nevralgiyada isə ağrı daha çox kəskin, sancıcı, batıcı və ya yandırıcı xarakter daşıyır. Adətən qabırğa boyunca yayılır və konkret bir nöqtədə hiss olunur. Bədənin çevrilməsi, qolu qaldırmaq, dərindən nəfəs almaq, öskürmək, asqırmaq və ya həmin nahiyəyə toxunmaq ağrını gücləndirə bilər. Bəzən dəridə keyimə və iynələnmə də müşahidə olunur.
Kardioloq bununla belə, bu fərqlərin mütləq olmadığını vurğulayıb. Belə ki, ürək mənşəli ağrı da yanma və həzmsizlik hissinə bənzəyə bilər. Hərəkət zamanı güclənən ağrı da hər zaman təhlükəli ürək-damar problemini istisna etmir.
Həkim ağrının səbəbini dərmanların təsirinə əsasən müəyyənləşdirməyin də yanlış olduğunu bildirib. Nitroqliserin qəbulundan sonra ağrının azalması stenokardiyanı təsdiqləmir, dərmanın təsir etməməsi isə infarkt ehtimalını aradan qaldırmır. Diaqnoz üçün həkim müayinəsi, elektrokardioqramma (EKQ) və qanda ürək troponininin yoxlanılması vacibdir.
Qəfil başlayan, döş qəfəsində və ya kürəkdə kəskin, sanki cırılma xarakterli ağrı, qanlı öskürək, ciddi nəfəs darlığı və dodaqların göyərməsi zamanı da təcili tibbi yardım çağırılmalıdır.
Mütəxəssis belə hallarda fiziki fəaliyyəti dərhal dayandırmağı, rahat vəziyyət almağı və həkimlər gələnədək gözləməyi tövsiyə edir. Öz avtomobili ilə xəstəxanaya getmək, sinə nahiyəsini qızdırmaq və ağrıya dözməyə çalışmaq təhlükəli ola bilər.
Samir


