Televizora uzun müddət baxmaq beyin fəaliyyətinə mənfi təsir göstərə bilər - ARAŞDIRMA

SAĞLAMLIQ
19:19 / 25.11.2026
46

Televizor qarşısında uzun saatlar keçirmək təkcə fiziki passivliyə deyil, həm də zehni funksiyaların zəifləməsinə səbəb ola bilər. Araşdırmalara görə, uzunmüddətli televiziya izləmək beynin boz maddəsinin həcminin azalması ilə əlaqələndirilir.

HİT.az xəbər verir ki, bu barədə Moskva Dövlət Psixologiya və Pedaqogika Universitetinin psixoloqu, müəllim Artyom Deqtyaryov “Gazeta.Ru”ya açıqlamasında bildirib.

Mütəxəssisin sözlərinə görə, 599 nəfərin 20 il ərzində gündəlik vərdişlərinin izlənildiyi və orta yaş dövründə MRT müayinələrinin nəticələri ilə müqayisə edildiyi araşdırmada uzun müddət televizora baxan şəxslərdə beynin alın payında və ümumilikdə boz maddənin həcminin daha az olduğu müşahidə edilib.

Alimlər bu əlaqənin mümkün səbəbləri arasında hərəkətsiz həyat tərzini, sağlamlıq vəziyyətini və asudə vaxtın necə keçirilməsini göstərirlər. Bununla belə, hər bir amilin təsir payını dəqiq müəyyənləşdirmək mümkün olmayıb.

Psixoloq televizora baxmağın formasının da əhəmiyyət daşıdığını vurğulayıb. Onun fikrincə, sənədli filmə diqqətlə baxmaq, məzmunu təhlil etmək və müzakirə aparmaqla televizorun saatlarla arxa fonda açıq qalması eyni deyil.

ABŞ-da aparılan CARDIA araşdırması da oxşar nəticələr ortaya qoyub. 3247 nəfərin 25 il ərzində müşahidə edildiyi tədqiqatda gündə üç saatdan çox televizora baxan şəxslərin orta yaş dövründə məlumatı emal etmə sürəti və icraedici funksiyalar üzrə testlərdə daha zəif nəticələr göstərdiyi müəyyənləşib. Bununla yanaşı, şifahi yaddaşla televiziya izləmə müddəti arasında əhəmiyyətli əlaqə aşkarlanmayıb.

İcraedici funksiyalar insanın davranışlarına nəzarət etməsi, diqqətini idarə etməsi və müxtəlif tapşırıqlar arasında keçid etməsi üçün vacib olan zehni prosesləri əhatə edir.

Deqtyaryov isə araşdırmaların nəticələrini televizorun birbaşa beyin fəaliyyətini zəiflətdiyinin sübutu kimi qəbul etməməyi tövsiyə edib. Onun sözlərinə görə, statistik əlaqə səbəb-nəticə münasibətini təsdiqləmir. Belə ki, sağlamlığı və ya yaddaşı zəifləyən insanlar da daha çox vaxtını televizor qarşısında keçirə bilərlər.

Samir
 

0