Çınqıraqlı ilanlar qış yuxusuna getməzdən əvvəl həftələrlə gözləyir – Alimlər səbəbini araşdırdı

DÜNYA
21:18 / 25.11.2026
33

Aparılan araşdırma ağac çınqıraqlı ilanlarının qışlama dövrünə keçməzdən əvvəl qeyri-adi davranış nümayiş etdirdiyini üzə çıxarıb. Məlum olub ki, bu sürünənlər payızda qış sığınacaqlarının yaxınlığında həftələrlə qalır, yazda isə yeraltı yuvalarından çıxdıqdan sonra yay ərazilərinə qayıtmağa tələsmirlər.

HİT.az xəbər verir ki, ABŞ-ın İllinoys ştatında 38 ağac çınqıraqlı ilanı üzərində aparılan tədqiqatın nəticələri “Ecology and Evolution” elmi jurnalında dərc olunub.

Tədqiqatçılar iki payız və iki yaz mövsümü ərzində ilanların hərəkətini izləyiblər. Onlardan 20-nə radioötürücülər yerləşdirilib. Müşahidələr göstərib ki, ilanlar yayda yaşadıqları ərazilərdən birbaşa qış sığınacaqlarına keçmirlər. Əvvəlcə qışlayacaqları məkanın yaxınlığına gəlir, sonra isə bir müddət ətraf ərazilərdə qalırlar.

Payızda qış sığınacağının yaxınlığında 29 günədək qalırlar

2021-ci ildə ilanların qış sığınacaqlarına yaxın ərazilərdə gözləmə müddəti orta hesabla 29,23 gün olub. 2022-ci ildə isə bu göstərici 8,2 günə qədər azalıb.

Qeydə alınan 27 mövsümi hərəkətin 21-də ilanların yeraltı sığınacağa keçməzdən əvvəl müəyyən müddət səthdə qaldığı müəyyən edilib.

Bu müddətdə sürünənlər yarpaqların, daşların və içi boş ağac gövdələrinin altında gizləniblər. Müvəqqəti sığınacaqlar qışlama yerlərindən orta hesabla 58,17 metr məsafədə yerləşib. İlanlar təxminən iki fərqli gizlənmə yerindən istifadə edib və hər birində orta hesabla 12 gün qalıblar. Yeraltı sığınacaqlara isə əsasən gecə saatlarında daxil olublar.

Yazda da yay ərazilərinə qayıtmağa tələsmirlər

Alimlər oxşar davranışı yaz aylarında da müşahidə ediblər. Qış sığınacaqlarından çıxan ilanlar dərhal yayda yaşadıqları ərazilərə üz tutmayıb, əvvəlcə yaxınlıqdakı sahələrdə gözləyiblər.

2022-ci ildə yaz mövsümündə bu müddət orta hesabla 21,81 gün, 2023-cü ildə isə 26,35 gün təşkil edib.

İlanlar bu mərhələdə də yarpaqların, daşların və boş ağac gövdələrinin altında gizləniblər. Müvəqqəti sığınacaqlar qışlama yerlərindən orta hesabla 75,5 metr uzaqlıqda olub. Hər ilan təxminən 2,4 gizlənmə yerindən istifadə edib və onların hər birində orta hesabla 10,63 gün qalıb.

Bəzi sürünənlərin əvvəlki payızda və ya ötən illərdə istifadə etdikləri sığınacaqlara yenidən qayıtdığı da qeydə alınıb. İlanların əksəriyyəti qışlama yerlərindən gecələr çıxıb. Bununla yanaşı, günorta saatlarında da daha zəif aktivlik müşahidə edilib.

Temperatur mövsümi hərəkətlərə təsir göstərir

Araşdırma zamanı temperaturun ilanların hərəkət vaxtının müəyyənləşməsində mühüm rol oynaya biləcəyi üzə çıxıb.

Payızda ilanlar qışlama ərazilərinə orta hesabla 19 dərəcə temperaturda gəlsələr də, yeraltı sığınacaqlara təxminən 14 dərəcədə daxil olublar. Yazda isə onlar sığınacaqlardan təxminən 14 dərəcədə çıxıb, yay ərazilərinə doğru hərəkətə isə temperatur 19 dərəcəyə yaxınlaşanda başlayıblar.

Müşahidələr göstərib ki, payızda temperatur kəskin azaldıqdan sonra ilanlar yeraltı sığınacaqlara çəkilirlər. Yazda isə bir neçə gün davam edən nəzərəçarpan istiləşmədən sonra gözləmə yerlərini tərk edirlər. Soyuq hava yenidən qayıtdıqda onların hərəkəti müvəqqəti dayana bilir.

Alimlər bu davranış mərhələlərini mövsümi köçlə qış sığınacağına daxilolma və ya oradan çıxma arasındakı “gözləmə dövrləri” kimi xarakterizə ediblər. Ehtimal olunur ki, belə davranış ilanlara hərəkətlərini hava şəraitinə uyğunlaşdırmağa və əlverişsiz temperaturda aktivlik riskini azaltmağa kömək edir.

Bununla belə, tədqiqatçılar bu davranışın bütün səbəblərinin hələ müəyyən edilmədiyini vurğulayırlar. Temperaturla yanaşı, digər amillərin də təsirini aydınlaşdırmaq üçün uzunmüddətli müşahidələrə ehtiyac var.

Samir
 

0