Ölməkdə olan ulduzda nəhəng maddə püskürməsi müşahidə edildi - Günəşin gələcəyinə bənzəyir

DÜNYA
18:18 / 25.11.2026
65

Astronomlar Yerdən təxminən 330 işıq ili uzaqlıqda yerləşən Mira adlı qırmızı nəhəng ulduzun səthindən kosmosa atılan nəhəng maddə kütləsini müşahidə ediblər. Onun forması Günəşdə baş verən tac kütlə atılmalarına bənzəyir və indiyədək qeydə alınmış ən güclü ulduz partlayışlarından daha böyük enerji daşıyır.

HİT.az xəbər verir ki, kəşf İsveçin Çalmers Texnologiya Universitetinin astronomları tərəfindən ALMA radioteleskopunun köməyi ilə həyata keçirilib. Tədqiqatın nəticələri “Astronomy & Astrophysics” jurnalında iki elmi məqalə şəklində dərc olunub.

Mira Balıqlar bürcündə yerləşən və həyatının son mərhələsinə yaxınlaşan qırmızı nəhəng ulduzdur. Mərkəzindəki hidrogen yanacağını tükədən belə ulduzlar zaman keçdikcə genişlənir və xarici təbəqələrini kosmosa atırlar.

ALMA teleskopu vasitəsilə aparılan müşahidələr zamanı alimlər ulduzun yalnız səthini deyil, ondan uzağa uzanan nəhəng maddə halqasını da qeydə alıblar. Bu strukturun uzunluğu təxminən 10 astronomik vahidə çatır. Bu, Günəşlə Saturn arasındakı məsafəyə yaxındır.

Alimlərin diqqətini çəkən əsas məqam isə püskürmənin forması və enerjisidir. Müşahidə olunan struktur Günəşdəki tac kütlə atılmalarına bənzəsə də, miqyasına görə xeyli böyükdür.

Əvvəllər astronomlar belə ulduzların ətraf mühitə əsasən tədricən və nisbətən zəif ulduz küləyi vasitəsilə maddə ötürdüyünü düşünürdülər. Yeni müşahidələr isə prosesdə maqnit sahələrinin də mühüm rol oynadığını göstərir.

Tədqiqatçılar ALMA teleskopunun qütbləşmiş işığı qeydə almaq imkanlarından istifadə edərək Mira ulduzunun maqnit sahəsinin mövcudluğunu təsdiqləyiblər. Onlar həmçinin nəhəng maddə püskürməsini iki il əvvəl ulduzun səthində müşahidə edilmiş parlaq və isti ləkə ilə əlaqələndiriblər.

Araşdırmaya görə, həmin ləkələrin vaxtaşırı yaranıb yox olması maqnit partlayışlarının ulduzun kosmosa itirdiyi maddənin əhəmiyyətli hissəsinə səbəb ola biləcəyini göstərir.

Qeyd edək ki, Mira ulduzu adını XVII əsrdə alıb. Latın dilində “möcüzəli” və ya “heyrətamiz” mənasını verən bu ad ulduzun parlaqlığının vaxtaşırı artıb-azalması ilə bağlıdır. Yeni müşahidə isə alimlərə ulduzların həyat dövrünün son mərhələsində baş verən prosesləri daha dərindən öyrənmək imkanı yaradır.

Samir

0