Supermarketdə dolu səbətlə növbə gözləyərkən cəmi bir məhsulu olan insana önə keçməyi təklif etmək sadəcə nəzakət əlaməti deyil. Psixoloqların fikrincə, bu kiçik davranış insanın empatiya qabiliyyətini, başqalarının vəziyyətini anlamaq və onların ehtiyaclarını nəzərə almaq bacarığını göstərir.
HİT.az xəbər verir ki, bu barədə “CuerpoMente” nəşri psixoloq Ana Qalanın fikirlərinə istinadən yazıb.
Mütəxəssisin sözlərinə görə, belə davranışın arxasında xüsusi bir psixoloji bacarıq – özünü başqasının yerinə qoymaq və onun şəraitini nəzərə almaq qabiliyyəti dayanır.
Məsələn, alış-veriş səbəti dolu olan şəxs arxasında yalnız bir çörək və ya su şüşəsi ilə dayanan insana növbəni güzəştə gedə bilər. İlk baxışdan əhəmiyyətsiz görünən bu addım əslində tərəflər üçün fərqli nəticələr yaradır. Qalanın izahına görə, bir neçə saniyə və ya yarım dəqiqə vaxt itirən şəxs qarşı tərəfin 10 dəqiqəyədək gözləməsinin qarşısını ala bilər.
Psixoloq hesab edir ki, bu davranışın əsas xüsusiyyəti insanın başqasının ehtiyacını fərq etməsidir. Bəzən növbədə kiməsə yol verməyən insanlar bunu bilərəkdən etmir. Onlar telefonlarına baxdıqları, öz düşüncələrinə qapıldıqları üçün arxalarında dayanan şəxsin vəziyyətinə diqqət yetirmirlər.
Qalanın sözlərinə görə, psixologiyada bu bacarıq “perspektivi qəbul etmək” adlanır. Yəni insan özünü qarşı tərəfin yerinə qoyaraq onun nə hiss etdiyini və hansı şəraitdə olduğunu anlamağa çalışır. Bunun üçün isə ilk növbədə ətrafdakı insanları görmək və onların vəziyyətinə diqqət yetirmək lazımdır.
Mütəxəssis vurğulayır ki, başqalarına qarşı diqqətli olmaqla hər zaman güzəştə getmək məcburiyyətində qalmaq eyni şey deyil.
Onun fikrincə, həddindən artıq güzəştə gedən insanlar bunu bəzən öz istəkləri ilə deyil, başqalarını incitməkdən, məyus etməkdən və ya mənfi reaksiyadan qorxduqları üçün edirlər. Əsl xeyirxahlıq isə insanın öz istəyinə əsaslanan şüurlu seçimidir.
Psixoloq bildirir ki, insanın növbədə başqasına yol verməsi onun öz vaxtını və ehtiyaclarını əhəmiyyətsiz hesab etməsi demək deyil. Əksinə, bu, həm öz sərhədlərini qorumaq, həm də başqalarının vaxtına hörmət etmək bacarığıdır.
Ailə tərbiyəsi də bu davranışa təsir göstərir. Uşaqlıqdan qarşılıqlı yardımın və başqalarına qayğının vacib olduğu mühitdə böyüyən insanların belə addımlar atması daha asan olur.
Bununla belə, psixoloq növbədə kiməsə yol verməyən şəxsi dərhal eqoist hesab etməyin düzgün olmadığını bildirir. Həmin insanın tələsdiyini, yorğun olduğunu və ya başqa səbəbdən gözləməyə məcbur qaldığını bilmək mümkün deyil.
Qalanın qənaətinə görə, empatiya başqalarına diqqət göstərməklə yanaşı, onların vəziyyətini bilmədiyimizi də qəbul etməkdir. Əsas məsələ hər zaman özünü ikinci plana atmaq deyil, həm özünə, həm də ətrafdakılara hörmətlə yanaşmaqdır.
Samir


