Qanda şəkərin səviyyəsini tənzimləməyə kömək edən iki meyvə açıqlandı

SAĞLAMLIQ
18:00 / 25.11.2026
37

Qanda şəkərin səviyyəsi yüksək olan insanların meyvələrdən tamamilə imtina etməsinə ehtiyac yoxdur. Dietoloqlar xüsusilə moruq və avokadonun qidalanmaya daxil edilməsini tövsiyə edirlər. Bu məhsulların tərkibindəki lif və digər faydalı maddələr qlükozanın qana sorulmasını ləngitməyə kömək edir.

HİT.az xəbər verir ki, bu barədə “Verywell” diyetoloqlara istinadən məlumat yayıb.

Mütəxəssislərin sözlərinə görə, meyvələrin tərkibində təbii şəkər olsa da, onların hamısı qan qlükozasına eyni təsir göstərmir. Xüsusilə liflə zəngin, şəkər və karbohidrat miqdarı nisbətən az olan meyvələrə üstünlük vermək məsləhətdir.

Diyetoloq Cudi Saymon moruğu qan şəkərinin yüksəkliyinə nəzarət etmək üçün faydalı seçimlərdən biri hesab edir. Bir stəkan moruqda təxminən 8 qram lif və 14,6 qram karbohidrat var.

Mütəxəssis qeyd edir ki, lif qidadakı şəkərin orqanizm tərəfindən mənimsənilmə sürətini azaldır. Bəzi məhdud tədqiqatlar da moruq qəbulunun yeməkdən sonra qanda şəkərin kəskin yüksəlməsinin qarşısını almağa kömək edə biləcəyini göstərir. Bununla belə, bu təsirin təsdiqlənməsi üçün əlavə araşdırmalara ehtiyac var.

Digər faydalı məhsul isə avokadodur. Araşdırmalardan birində bu meyvəni müntəzəm istehlak edən yetkin insanlarda diabet riskinin daha aşağı olduğu müəyyən edilib. Başqa bir tədqiqatda da avokado qəbulu ilə qanda şəkərin aşağı səviyyəsi arasında əlaqə aşkarlanıb.

Diyetoloq Dorian Doss avokadonu qan şəkərinə nəzarət baxımından ən yaxşı meyvə seçimlərindən biri hesab edir. Onun sözlərinə görə, avokado həm faydalı yağlar, həm də liflə zəngindir və təbii olaraq az miqdarda karbohidrat ehtiva edir. Meyvənin yarısında təxminən 4,6 qram lif və 6 qram karbohidrat var.

Mütəxəssislər həmçinin meyvələrin zülal və ya faydalı yağlarla zəngin qidalarla birlikdə qəbul edilməsini məsləhət görürlər. Bu yanaşma həzmi ləngidərək şəkərin qana sürətlə keçməsinin qarşısını almağa kömək edə bilər.

Liflə zəngin digər məhsullar arasında xurma və qabığı soyulmadan yeyilən armud da var. Bu qidalar həzmin normal fəaliyyətini dəstəkləyir, toxluq hissini daha uzun müddət saxlamağa və xolesterinin tənzimlənməsinə kömək edir.

Samir

0