Bakıda 22 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb.
HİT.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.
Məlumata görə, Bakı şəhərinin Suraxanı rayon prokurorluğu və rayon polis idarəsinin əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilən kompleks istintaq və əməliyyat-axtarış tədbirləri, eləcə də, istintaq taktikasının düzgün tətbiqi nəticəsində 22 il əvvəl, yəni 09.04.2002-ci il tarixdə paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində törədilmiş 1989-cu il təvəllüdlü, 13 yaşlı Z.D-nin (şərti) yaşadığı mənzildə zorakılıq hərəkətlərinə məruz qalması və xüsusi amansızlıqla qəsdən öldürülməsi cinayətlərinin üstünün açılması təmin olunub.
Toplanmış sübutlarla 1980-ci il təvəllüdlü M.E-nin (şərti) qeyd olunan tarixdə yetkinlik yaşına çatmayan Z.D-yə qarşı zorakılıq hərəkətləri etməsinə, daha sonra isə Z.D baş verənlər barədə şikayət edəcəyini bildirdiyi üçün sonuncunun anası B.A ilə birgə çoxsaylı xəsarətlər yetirib başqa cinayəti gizlətmək və digər qanunsuz hərəkətlərlə əlaqədar xüsusi amansızlıqla qəsdən öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.
M.E və B.A cinayət törətməkdə şübhəli şəxs qismində tutularaq 05.10.2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.6-cı (bir qrup şəxs tərəfindən xüsusi amansızlıqla və başqa cinayəti gizlətməklə əlaqədar adam öldürmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, barələrində müstəntiqin vəsatətləri və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatları əsasında Suraxanı Rayon Məhkəməsinin qərarları ilə həbs qətimkan tədbirləri seçilib.
Əvvəlki illərdən bağlı qalmış cinayət işləri daim diqqət mərkəzində saxlanılmaqla, cinayət əməlini törədən şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunması istiqamətində aidiyyəti dövlət qurumları tərəfindən mütəmadi olaraq birgə tədbirlər davam etdirilir.