Qış ayları gəldikdə demək olar ki, hər gün xəbərlərdə hansısa evdə qaz partlayışını eşidirik.
Hələ bu partlayışda həyatını itirən yüzlərlə insandan danışsaq, vəziyyət daha da acınacaqlı olar.
Maraqlıdır, qış aylarında parlayışların səbəbi nədir?
Bu barədə Hit.az-a açıqlama verən təhlükəsizlik üzrə ekspert Mübariz Qurbanlı deyib ki, bu səbəblər fiziki və texniki faktorlardan ibarət olub, həm də istifadəçilərin davranışına bağlıdır:
“Qış aylarında istilik ehtiyacı artdıqca, qazdan istifadə də artır. Xüsusilə qazanlar, kombilər və digər qazla işləyən cihazlar daha intensiv işləyir. Bu cihazların yanlış istifadə edilməsi və ya vaxtında texniki baxımdan keçirilməməsi təhlükəli ola bilər. Yanlış quraşdırma və ya köhnəlmiş avadanlıq da partlama riskini artırır. Qaz sızmalarının yaranması və ya ventilyasiya problemləri ciddi təhlükələrə yol aça bilər.
İstilik sistemləri və qaz cihazları düzgün havalandırılmadığı təqdirdə, tənəffüs qazlarının (məsələn, karbon dioksid və ya karbonmonoksid) yığılması mümkün olur. Havalandırma sistemləri qışda çox zaman daha az işləyir və bu da qazın düzgün yandırılmamasına gətirib çıxara bilər. Qazlı cihazların, boruların və ventilyasiya sistemlərinin mütəmadi olaraq yoxlanılması, partlamaların qarşısını alır. Qış aylarında qaz partlamalarının qarşısını almaq üçün bu tədbirləri izləmək vacibdir”.
Murad