“Azərbaycan polisi dövlətçiliyin əsas dayaqlarından biri kimi ölkədə sabitliyin, ictimai asayişin və vətəndaşların təhlükəsizliyinin təmin olunmasında mühüm missiya yerinə yetirir”.
Bu sözləri Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə Hit.az-a açıqalamasında deyib.
O, Azərbaycan polisinin ölkənin təhlüsəzliyi üçün xidmətlərini misilsiz adlandırıb:
“Müasir dövrdə polis orqanlarının fəaliyyəti təkcə cinayətkarlığa qarşı mübarizə ilə məhdudlaşmır, eyni zamanda hüquq qaydasının möhkəmləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının qorunması, milli təhlükəsizliyin təmin edilməsi istiqamətində də böyük əhəmiyyət daşıyır. Azərbaycan polisi üzərinə düşən məsuliyyəti peşəkarlıq, fədakarlıq və yüksək vətənpərvərlik ruhu ilə yerinə yetirərək cəmiyyətin dövlətə inamının möhkəmlənməsinə öz töhfəsini verir”.
Millət vəkili qeyd edib ki, polis qanunun aliliyinin möhkəmlənməsinə xidmət edir:
“Ölkəmizdə hüquq-mühafizə orqanlarının maddi-texniki bazasının gücləndirilməsi, əməkdaşların sosial təminatının yaxşılaşdırılması və peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilən ardıcıl dövlət siyasəti polis xidmətinin daha səmərəli təşkilinə imkan yaradıb. Bu da hüquq qaydasının qorunmasına, ictimai təhlükəsizliyin təmin edilməsinə və qanunun aliliyinin möhkəmlənməsinə xidmət edir.
2 iyul – Azərbaycan Polisi Günü münasibətilə bütün polis əməkdaşlarını səmimi qəlbdən təbrik edir, onlara möhkəm cansağlığı, çətin və şərəfli xidmətlərində yeni uğurlar, ailələrinə firavanlıq arzulayıram”.
Elmir Mustafa



