Astronomlar Yerə yaxın hərəkət edən asteroidlərin sayının 40 minə çatdığını açıqlayıblar. Alimlərin fikrincə, bu rəqəm kosmosdan gələn potensial təhlükələrin daha yaxşı öyrənilməsi baxımından mühüm mərhələdir.
HİT.az xəbər verir ki, bu barədə “Sky at Night Magazine” məlumat yayıb.
Yerə yaxın asteroidlər orbitləri planetimizin trayektoriyasına yaxınlaşan kosmik cisimlərdir. Onların ölçüləri bir neçə metrdən bir neçə kilometrədək dəyişə bilər. Günəş sistemindəki asteroidlərin böyük hissəsi Mars və Yupiter arasında yerləşən əsas asteroid qurşağında hərəkət edir.
Məlumata görə, Yerə yaxın ilk asteroid 1898-ci ildə kəşf edilən Eros olub. Xüsusi teleskopların istifadəyə verilməsi ilə belə obyektlərin aşkarlanması sürətlənib. 2016-cı ildə məlum Yerə yaxın asteroidlərin sayı 15 minə, 2022-ci ildə isə 30 minə çatıb. 2025-ci ilin noyabrına qədər isə bu göstərici 40 mini keçib.
Avropa Kosmik Agentliyinin Yerə yaxın obyektlər üzrə Koordinasiya Mərkəzinin meneceri Luka Konversi bildirib ki, yeni nəsil teleskopların işə düşməsi ilə aşkarlanan asteroidlərin sayı daha da sürətlə arta bilər.
Alimlər hesab edirlər ki, böyük asteroidlərin əksəriyyətinin artıq aşkar edilməsi onların yaratdığı riskin daha yaxşı qiymətləndirilməsinə imkan verir. Diametri 1 kilometrdən çox olan asteroid Yerə çarsa, qlobal miqyasda ciddi fəsadlara səbəb ola bilər.
Hazırda əsas diqqət diametri 100-300 metr arasında olan orta ölçülü asteroidlərə yönəlib. Bu obyektləri aşkar etmək daha çətindir. Bununla belə, onların Yerə düşməsi genişmiqyaslı regional dağıntılara səbəb ola bilər.
Mövcud hesablamalara görə, bu ölçüdə olan asteroidlərin yalnız təxminən 30 faizi indiyədək müəyyən edilib.
Asteroid aşkar edildikdən sonra alimlər onun trayektoriyasını uzunmüddətli müşahidələr əsasında hesablayırlar. Xüsusi kompüter proqramları cismin hərəkətini illər, hətta əsrlər əvvəldən proqnozlaşdırmağa imkan verir.
Avropa Kosmik Agentliyinin məlumatına əsasən, təxminən 2 min Yerə yaxın asteroidin qarşıdakı 100 il ərzində planetimizlə toqquşma ehtimalı sıfırdan böyükdür. Lakin onların böyük hissəsi kiçik ölçülüdür və ciddi təhlükə yaratmır.
Yeni nəsil rəsədxanaların, o cümlədən Çilidəki Vera K. Rubin Rəsədxanasının fəaliyyəti nəticəsində Yerə yaxın asteroidlərin daha böyük hissəsinin aşkar ediləcəyi gözlənilir.
Samir


