1952-ci ildə lentə alınmışdı: ABŞ-ın UFO arxivindən 74 illik görüntülər üzə çıxdı

DÜNYA
19:55 / 19.09.2026
37

ABŞ-da ictimaiyyətə təqdim edilən UFO arxivləri 74 il əvvəl lentə alınmış müəmmalı görüntüləri yenidən gündəmə gətirib. 1952-ci ildə Yuta ştatında çəkilən kadrlarda səmada birlikdə hərəkət edən çoxsaylı parlaq obyektlər görünür. Onların mənşəyi ilə bağlı isə illərdir müxtəlif ehtimallar irəli sürülür.

HİT.az xəbər verir ki, hadisə 2 iyul 1952-ci ildə Yuta ştatının Tremonton şəhəri yaxınlığında baş verib. ABŞ Hərbi Dəniz Qüvvələrində fotoqraf kimi çalışan Delbert C. Nyuhauz ailəsi ilə səfərdə olarkən göydə diqqətçəkən parlaq obyektlər müşahidə edib.

Nyuhauz avtomobilini saxlayaraq özü ilə götürdüyü 16 millimetrlik Bell & Howell kameranı işə salıb. O, səmada hərəkət edən obyektləri bir neçə dəqiqə ərzində lentə alıb.

Çəkilən kadrlarda açıq səma fonunda kiçik və parlaq nöqtələrin müəyyən müddət ərzində qrup halında hərəkət etdiyi görünür. Obyektlərdən birinin digər qrupdan ayrılması da görüntülərdə diqqət çəkən məqamlardan biridir.

Hadisədən sonra Nyuhauz filmi ABŞ rəsmilərinə təqdim edib. Görüntülər ABŞ Hərbi Hava Qüvvələri tərəfindən araşdırılıb və sonradan həmin dövrün UFO müşahidələrini öyrənən “Project Blue Book” proqramının arxivinə daxil edilib.

Rəsmi qeydlərdə həmin vaxt səmada təxminən 10-12 obyektin olduğu bildirilib. Nyuhauz isə sonrakı ifadələrində daha çox obyekt gördüyünü söyləyib.

Araşdırma aparan ABŞ rəsmiləri Nyuhauzun ifadələrinə ciddi yanaşıblar. Buna onun hərbi qulluqçu olması və hava fotoqrafiyası sahəsində uzunmüddətli təcrübəyə malik olması təsir edib.

Bununla belə, görüntülərdəki obyektlərin nə olduğu ilə bağlı yekdil nəticə əldə edilməyib. Arxiv materiallarının yenidən ictimaiyyətə təqdim olunması 1952-ci il hadisəsini UFO tarixinin ən çox müzakirə edilən görüntülərindən biri kimi yenidən gündəmə gətirib.

Samir

0