2020-ci il Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri kimi yadda qaldı.
44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycan uzun illər işğal altında qalan torpaqlarını azad edərək ərazi bütövlüyünün bərpası istiqamətində tarixi Qələbə qazandı. Noyabrın 8-də Şuşanın azad edilməsi ilə bu Zəfər özünün ən mühüm mərhələsinə çatdı.
Bu qələbə yalnız döyüş meydanında qazanılan hərbi uğur deyil, həm də xalqın birliyi, ordunun gücü, milli iradə və dövlətçilik əzminin təntənəsi oldu. Bu gün 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqı üçün qürur, milli həmrəylik və tarixi yaddaşın rəmzi kimi qeyd edilir.
Milli Məclisin deputatı Aydın Hüseynov Hit.az-a açıqlamasında deyib ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə uzun illər davam edən mübarizənin və xalqın doğma torpaqlarına qovuşmaq arzusunun gerçəkləşməsi oldu:
“İşğal dövründə minlərlə ailə evindən, yurdundan ayrı yaşamağa məcbur qaldı, yaşayış məntəqələri viran edildi, milli-mədəni abidələrimiz dağıntılara məruz qaldı. Bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan xalqı öz tarixi torpaqlarına qayıdacağına və ədalətin bərpa olunacağına inamını qoruyub saxladı”.

Millət vəkili qeyd edib ki, milli maraqlarımızın müdafiəsinin təmin olunması üçün ölkənin qarşısında duran başlıca məqsəd yalnız işğala son qoymaq deyil, həm də dövlətin hərbi, iqtisadi və siyasi gücünü elə bir səviyyəyə çatdırmaq idi:
“Bu istiqamətdə həyata keçirilən uzunmüddətli strategiya nəticəsində Azərbaycan iqtisadi potensialını artırdı, beynəlxalq münasibətlər sistemində mövqelərini möhkəmləndirdi və müasir tələblərə cavab verən ordu formalaşdırdı. Diplomatik səylərlə yanaşı, müdafiə qabiliyyətinin gücləndirilməsi də dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. İllərlə aparılan danışıqların işğal problemini həll etməməsi, beynəlxalq səviyyədə qəbul edilmiş qətnamələrin icrasız qalması Azərbaycanın qarşısında yeni reallıq yaratdı”.
A.Hüseynov diqqətə çatdırıb ki, ölkəmiz öz suveren hüquqlarını və ərazi bütövlüyünü təmin etmək əzmini əməli şəkildə nümayiş etdirdi:
“2020-ci ilin sentyabrında başlanan Vətən müharibəsi Azərbaycan tarixində yeni bir mərhələnin əsasını qoydu. Xalqın dövlət və ordu ətrafında sıx birləşməsi, hərbçilərimizin qəhrəmanlığı və milli iradənin sarsılmazlığı sayəsində qazanılan Qələbə işğal səhifəsinin bağlanmasına və tarixi ədalətin bərpasına yol açdı. Bu Zəfər Azərbaycan dövlətinin gücünü, xalqımızın birliyini və müstəqil qərar vermək qətiyyətini bütün dünyaya nümayiş etdirdi”.
Sevinc


