İDMAN
14:08 / 01.12.2021
376

"Qızıl top"un xanım qalibi Aleksiya: "Bu mükafat sənin üçündür, ata!" - FOTO

“France Football” ilin yaxşı qadın futbolçusu adına İspaniya millisinin və "Barselona"nın yarımmüdafiəçisi Aleksiya Putelyası layiq görüb.

Fanat.Az "Qızıl top"un qalibi haqqında maraqlı məlumatları təqdim edir: 

27 yaşlı Aleksiya "Espanyol"un yetirməsidir. O, bu komandanın heyətində 2010/2011 mövsümündə "Kral kuboku"nun finalçısı olub. "Espanyol"un əsas komandasında 24 oyun keçirən futbolçu 3 qola imza atıb. 

Növbəti mövsümü "Levante"də keçirən Aleksiya 34 oyunda 15 qol yadda qalıb.

2012-ci ildə "Barselona"ya keçən futbolçu tezliklə komandanın aparıcı üzvlərindən birinə çevrilib. Yeni klubunda elə ilk mövsümdə İspaniya çempionatının, "Kral kuboku"nun və Kataloniya kubokunun qalibi olub. 

Putelyas iki dəfə qadınlar arasında Avropa çempionu adını da qazanıb.

Aleksiya Putelyas Kataloniya klubunun heyətində 200-dən çox oyun keçirib və 84 qol vurub. 

Bu mövsüm Putelyas İspaniya çempionatı, ölkə kuboku və Çempionlar Liqasının qalibi olub. O, bütün turnirlərdə 37 qol və 27 məhsuldar ötürmə ilə yadda qalıb. 

Aleksiya ölkə çempionatında arxada qalan 10 matçda 9 qol vurub və 10 məhsuldar ötürmə verib. Uğurlu çıxışı səbəbi ilə klubu sentyabr ayında futbolçu ilə müqavilə müddətini 2024-cü ilə qədər uzadıb.

“Qızıl top” uğrunda mübarizədə Aleksiya rəqiblərindən xeyli irəlidə olub. Belə ki, onun ikinci yeri tutan komanda yoldaşı Cennifer Ermosonla arasında 102 xal fərq olub. 

Aleksiyaya mükafatı Fransa millisinin və PSJ-nin ulduz hücumçusu Kilian Mbappe verib.

"Qızıl top"a layiq görülən Aleksiya mərasimdə çıxışı zamanı hisslərini belə ifadə edib: “Komanda yoldaşlarıma təşəkkür edirəm. Bu, fərdi mükafatdır. Lakin şübhəsiz ki, komanda işinin nəticəsidir. "Qızıl top"u mənə inanan məşqçilərimə, azarkeşlərimizə, 122 yaşlı klubuma, mənə bu gün bu mükafatı almağı yaşadan taleyimə və ailəmə həsr edirəm".

Aleksiya çıxışı zamanı 2012-ci ildə dünyasını dəyişən atasını da yad edib: “Ümid edirəm ki, qızınla fəxr edirsən. Harda olsan da, bu mükafat sənin üçündür, ata!"

Qeyd edək ki, “France Football” 3 ildir qadınlar arasında da ilin ən yaxşı futbolçusuna "Qızıl top" verir. 2018-ci ildə ilk mükafatın sahibi "Lion"un şərəfini qoruyan norveçli futbolçu Ada Heqerberq, 2019-cu ilin qalibi isə "Sietl Rayn"ın amerikalı futbolçusu Meqan Rapino olub. 

Xatırladaq ki, bu ilki səsvermədə "qadınlar arasında Messi" ləqəbi ilə tanınan Aleksiya Putelyas həmyerlisi və komanda yoldaşı Cennifer Ermosonu və "Çelsi"də çıxış edən Samanta Kerri qabaqlayıb.

0