İDMAN
17:23 / 10.01.2022
874

Azərbaycanlı idmançı burun əməliyyatı etdirdi, karyerasını bitirdi 

Azərbaycanlı karateçi Nuranə Əliyeva karyerasını bitirib.

Bu barədə Oxu.Az-a 29 yaşlı idmançının özü məlumat verib.

O bildirib ki, ötən il nişanlandığı türkiyəli şəxslə ailə həyatı qurub Türkiyəyə köçəcək:

“Karyeramı bitirdim. Artıq 30 yaşa girirəm. Hər dəfə çəkini 50 kq-dan aşağı salmaq çətin olur. Bu səbəbdən də yerimi daha gənc idmançılara vermək qərarına gəldim. Bundan sonra mənim çıxış etdiyim çəkidə millidə, böyük ehtimalla, Fidan Teymurova çıxış edəcək. Özüm isə Bakıda toyum olduqdan sonra Türkiyəyə köçəcəyəm”.

Nuranə burun əməliyyatından da danışıb:

“Karyeram boyu burnumdakı çəpər əyriliyindən əziyyət çəkirdim. Ancaq idmana görə əməliyyat oluna bilmirdim. Karyeramı bitirmişkən, dekabrın 17-də burnumu da əməliyyat etdirdim. Əməliyyatdan sonra gözlərimdə qızartı əmələ gəlib. İnşallah, tezliklə keçib getməlidir”.

Qeyd edək ki, Nuranə Əliyeva 2016-cı ildə Fransanın Monpelye şəhərində keçirilmiş Avropa çempionatında qitənin ən güclüsü olmuş komandanın tərkibində olub. O, həmçinin fərdi şəkildə ikiqat Avropa mükafatçısı və Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarının bürünc medalçısı olub.

0