Fernando Santos \"Beşiktaş\"da uğurlu olacaq? - RƏY 

16:00 / 09.01.2024
532

Türkiyənin "Beşiktaş" klubunun yeni baş məşqçi təyinatı dünyada səs-küyə səbəb oldu. 

Belə ki, "qara qartal" dünyaca məşhur portuqaliyalı mütəxəssis Fernando Santosla müqavilə imzalandığını açıqladı. Portuqaliya ilə Avropa çempionu və Millətlər Liqasının qalibi olan 69 yaşlı baş məşqçinin İstanbul klubunun baş məşqçisi təyin olunması dünyada gündəm oldu.

Bəs Fernando Santos "Beşiktaş"da uğurlu ola bilər? Ondan gözləntilər nələrdir? 

Tanınmış idman jurnalisti Natiq Muxtarlı Hit.az-a açıqlasında bildirib ki, Türkiyə futbolunda idarəetmə sistemi Azərbaycandakı sistemə oxşardır:

"Orada da futbol təsərrüfatına qeyri-peşəkarlar rəhbərlik edir. Amma fərq ondadır ki, Türkiyədə futbol biznesə çevrilə bilib. Yəni klublar forma, bilet və yayım satışından yaxşı qazanc əldə edirlər. Amma əldə olunan vəsait də gərəksiz yaşlı əcnəbi futbolçulara xərclənir. 

Türkiyə futbolundakı idarəçilər sırf reklama, şouya "stavka" edirlər. Ona görə də, orada hansısa məşqçinin uzun müddət tab gətirməsi, öz sistemini tətbiq etməsi mümkün deyil. Baxış dəyişmədiyi üçün klublar ildə ən azı bir baş məşqçi dəyişirlər". 

341453

Həmsöhbətimiz qeyd edib ki, Fernando Santos klub futbolunda o qədər də uğurlu olmayıb:

"Onun cəmisi bir çempionluğu var. O da uzaq 1999-cu ildə “Portu”da. Amma yığma komandada ciddi nəticə əldə edib. Şübhəsiz ki, böyük təcrübəsi var. “Beşiktaş”da uğurlu olacaqmı? Böyük ehtimalla, bu mövsüm ondan nə isə tələb olunmayacaq. Çünki cari mövsümdə “Beşiktaş” üçün hər şey bitib. Bu da onun üçün üstünlükdür. 

Türkiyə futboluna adaptasiya olmaq, öz komandasını yaratmaq üçün yetərincə vaxtı var. Amma gələn mövsümdən ona qarşı təzyiq artacaq. Əgər gələn mövsümün əvvəlində komanda istənilən oyunu sərgiləməsə, “oyun” başlayacaq. Hansı oyun? Türkiyə klublarının idarəetmə sistemində bir neçə qruplaşma var. Bu qruplaşmaların hər biri həm “jurnalist ordusu”, həm də azarkeş saxlayır".

Natiq Muxtarlının fikrincə, Santosu istəməyən qruplaşmalar fürsət güdəcəklər, nə isə alınmayanda “ordular”a göstəriş veriləcək və təzyiq başlayacaq:

"Belə olacağı təqdirdə, Santos növbəti qışdan “sağ çıxmayacaq”. Onun bir şansı var, növbəti mövsümə komanda iddialı başlamalıdır və yəqin ki, onun qarşısında çempionluq tələbi qoyulacaq. Bunu bacaracaqmı? Güman etmirəm. Türkiyə futbolunun spesifik xarakterini nəzərə alsaq, Santosun Türkiyə macərası növbəti ilin qışına, ən uzağı mövsümün sonuna qədər çəkər".

Pərviz

0