Mahir Emreli nə üçün Avropada uğurlu ola bilmir? - RƏY

12:49 / 12.08.2024
451

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin legioner həyatı uğurlu keçmir. 

O, getdiyi komandalarda davamlı şəkildə əsas heyətə düşə bilmir, çətinliklə forma şansı tapır. Üstəlik, Mahir hər transfer olduğu komandadan qısa müddət ərzində ayrılır.

Maraqlıdır, Azərbaycan liqasındakı çıxışı ilə diqqət mərkəzinə düşən Mahir Emrelinin xaricdə uğur qazana bilməməsinə səbəb nədir? 

Mövzu ilə bağlı tanınmış idman jurnalisti Natiq Muxtarlı Hit.az-a açıqlama verib. O bildirib ki, Mahir Emrelinin durumu Azərbaycan futbolunun reallığıdır, simasıdır:

"Avropanın, hətta səviyyəsinə görə 3-cü dərəcəli olan ölkələrində də azərbaycanlı futbolçulara yer yoxdur. Nəinki Avropada, heç Türkiyənin 2-ci dəstəsində də azərbaycanlı futbolçular özlərinə yer edə bilmirlər. Bunun səbəbi futbolçulardırmı? Qətiyyən! Bunun səbəbi odur ki, bizdə futbolçunu düzgün yetişdirmirlər. Bizim sərhədlərdən o tərəfdə futbolçunu elmi yanaşma, müasir standartlar əsasında yetişdirilər". 

355810

Ekspert qeyd edib ki, bizim sərhədlərdən o tərəfdə uşaq futbolunda infrastruktur, kadr potensialı var:

"Bizdə isə infrastruktur yoxdur, bir-iki keyfiyyətsiz süni örtüklü meydança var. Uşaqları buraxırlar o meydançalara, qarşılarına da top atırlar. Vəssalam, qaçın o tərəfə, qaçın bu tərəfə. 

Hətta Mahir Emreli Polşaya gedəndən sonra orada gördükləri əsasında belə demişdi: Azərbaycanda uşaq futbolunda öyrənməli olduqlarımı mənə burada öyərdirlər. Dəhşətli açıqlama idi. Yəni adam gedir Polşaya və görür ki, onlar haradadır, biz harada. Adamda istedad var, amma təhsil yoxdur". 

Natiq Muxtarlı diqqətə çatdırıb ki, futbol təhsildir, onu isə burada vermirlər:

"Təsəvvür edin ki, sizə məktəbdə “A” hərfini “B” kimi yazmağı öyərdirlər. Təbii ki, siz “A” hərfini “B” kimi yazacaqsınız. Yəni bizdə öyrədilən futbol heç bir standarta uyğun deyil. Bunda futbolçuların günahı yoxdur. 

Biz illərdir məhz bu problemi qabardırıq: Uşaq futbolunda infrastruktur qurulsun, kadrlar yetişdirilsin, futbola elmi yanaşma tətbiq edilsin. Amma nə fayda, AFFA rəhbərliyi bütün bu işləri görmək əvəzinə Azərbaycanın pulunu əcnəbilərə paylayır. Onlar israrla infrastruktur qurmaq istəmirlər. Biz də yapışırıq Mahir Emrelinin yaxasından ki, niyə uğurlu ola bilmirsən? Axı ola bilməz". 

Onun sözlərinə görə, Mahirə öyrədilən futbol Azərbaycanın sərhədlərindən kənarda işə yaramır:

"Yəni yarasız Mahir Emreli deyil, yararsız sistemdir, sistem. Belə sistemdə Avropa səviyyəli futbolçu yetişməz. Biz Mahir Emrelini ittiham etməməliyik, biz peşəkar idarəetmə tələb etməliyik. 

Nə qədər ki, Azərbaycanda futbolun inkişafı üçün uşaq futbolunda elmi yanaşma tətbiq edilməsə, infrastruktur qurulmaz. Belə şəraitdə bu ölkədə bircə futbolçu da yetişməyəcək. Biz isə Avropada heç kimə lazım olmayan futbolçularla milli komandadan nəticə gözləyirik. Adama məşhur lətifədəki sualı verərlər: Nəynən, ay Əliş?".

Pərviz

0