Rusiya kosmosda nüvə silahı partlatsa, nə baş verəcək?

DÜNYA
15:15 / 27.11.2026
59

Rusiya kosmosa nüvə silahı yerləşdirməyə hazırlaşır. Belə bir silahın orbitdə partladılması qlobal rabitə sistemlərinə, peyklərə və digər kosmik infrastruktura ciddi zərər vura bilər.

HİT.az xəbər verir ki, bu barədə “The Guardian” nəşri ekspertlərin qiymətləndirmələrinə istinadən yazıb.

Almaniyanın NDR və WDR telekanalları, eləcə də “Süddeutsche Zeitung” qəzetinin yaydığı məlumata görə, Qərb kəşfiyyat xidmətləri Rusiyanın nüvə silahı daşıyan “Sputnik-S” adlı peyk hazırladığını müəyyən edib. Bir neçə il əvvəl yığıldığı bildirilən peykin hazırda Moskva vilayətində saxlanıldığı və bu il orbitə buraxıla biləcəyi iddia olunur. Almaniya hökumətinin nümayəndəsi isə kəşfiyyat məlumatlarına ciddi yanaşdıqlarını bildirib.

Ekspertlərin fikrincə, kosmosda nüvə partlayışı Yer səthindəki partlayışlardan fərqli nəticələr doğuracaq. Atmosfer olmadığı üçün ənənəvi göbələk formalı bulud yaranmayacaq. Bunun əvəzinə partlayışın enerjisi əsasən radiasiya şəklində yayılacaq.

Durham Universitetinin astrofiziki Conatan Makdauell bildirib ki, partlayışın təsir zonasına düşən peyklər rentgen şüaları və digər radiasiya növləri nəticəsində sıradan çıxa və ya ciddi zədələnə bilər. Bu təsir partlayış nöqtəsindən minlərlə kilometr uzaqda yerləşən kosmik aparatlara da çata bilər.

Bundan başqa, radioaktiv hissəciklərin Yer ətrafında toplanaraq süni radiasiya qurşağı yaratması mümkündür. Belə bir hadisə aşağı Yer orbitində fəaliyyət göstərən peyklər üçün uzunmüddətli təhlükəyə çevrilə bilər.

Nəşr xatırladır ki, oxşar hadisə 1962-ci ildə ABŞ-ın “Starfish Prime” əməliyyatı zamanı baş verib. Həmin vaxt Havay adaları üzərində, Yer səthindən təxminən 400 kilometr yüksəklikdə termonüvə sınağı keçirilib. Nəticədə bir sıra peyklərin istismar müddəti qısalıb, “Telstar 1” və “Ariel-1” peykləri də radiasiyadan zərər görüb.

Hazırda aşağı Yer orbitində hava proqnozları, iqlim müşahidələri, hərbi məqsədlər və rabitə üçün istifadə edilən təxminən 17 min peyk fəaliyyət göstərir. Onların arasında “Starlink” şəbəkəsinə daxil olan peyklər də var. Bu sistem Ukraynanın Rusiyanın hücumlarına qarşı müdafiəsində mühüm rabitə vasitələrindən biri hesab olunur.

Ekspertlər bildirirlər ki, nüvə partlayışından sonra yaranacaq radiasiya qurşağının təsirləri bir neçə il, hətta on ilədək davam edə bilər. Belə bir vəziyyətdə zədələnmiş peyklərin əvəzlənməsi də asan olmayacaq. Çünki kosmik sənayenin qısa müddətdə bu qədər çox sayda yeni peyk istehsal edib orbitə çıxarmaq imkanları məhduddur.

Partlayışın Yer üzündə də müəyyən fəsadlar törətməsi mümkündür. 1962-ci ildəki sınaq zamanı Havay adalarında küçə işıqları sönmüş, mühafizə siqnalları işə düşmüş və telefon əlaqəsində problemlər yaranmışdı. Makdauellin sözlərinə görə, oxşar hadisə partlayışın görünə bildiyi ərazilərdə elektron sistemlərə və kompüterlərə də təsir göstərə bilər. Nüvə partlayışı nəticəsində qeyri-adi və genişmiqyaslı qütb parıltılarının yaranması da gözlənilir.

Bununla belə, Avropa təhlükəsizlik xidmətlərinin nümayəndələri Rusiyanın həqiqətən belə bir addım atacağına şübhə ilə yanaşırlar. Onların fikrincə, kosmosda nüvə silahının partladılması Qərb ölkələrinin iqtisadiyyatına ciddi zərbə vura bilsə də, Rusiyanın öz peyklərini və hətta Çinin kosmik aparatlarını da təhlükə altına qoyacaq.

Conatan Makdauell də belə bir ssenarinin reallaşmasını ehtimal etmədiyini bildirib. Onun fikrincə, bu addım beynəlxalq miqyasda müharibə aktı kimi qiymətləndirilə və Rusiyanın özünə də böyük zərər vura bilər.

Samir
 

0