Professor: Klassik manyak qatillərin dövrü başa çatıb

DÜNYA
17:36 / 27.11.2026
41

Klassik seriyalı qatillərin sayı kəskin azalıb. Buna səbəb cinayətkarların öz istəklərinə nəzarət etməyi öyrənməsi deyil, müasir texnologiyaların və cəmiyyətdə nəzarətin güclənməsidir.

HİT.az xəbər verir ki, bu barədə Moskva Dövlət Psixologiya və Pedaqogika Universitetinin Hüquq Psixologiyası fakültəsinin Klinik və Məhkəmə Psixologiyası kafedrasının professoru Nikolay Dvoryançikov “Gazeta.ru”ya açıqlamasında bildirib.

Professorun sözlərinə görə, DNT analizləri, geniş yayılmış müşahidə kameraları, GPS sistemləri, mobil telefonların izlənməsi və polis orqanları arasında məlumat mübadiləsi cinayətkarların uzun müddət anonim qalmasını xeyli çətinləşdirib.

O qeyd edib ki, ABŞ-da aktiv seriyalı qatillərin sayı 1987-ci ildə ən yüksək həddə çatıb. Həmin vaxt ölkədə 150 belə cinayətkar qeydə alınıb və onların 404 nəfəri öldürdüyü bildirilir. Lakin sonrakı illərdə bu göstərici əhəmiyyətli dərəcədə azalıb. 2010-2018-ci illərdə isə cəmi 43 belə hal qeydə alınıb.

Dvoryançikov Rusiyada da oxşar tendensiyanın müşahidə edildiyini söyləyib. Onun sözlərinə görə, İstintaq Komitəsinə istinadən yayılan məlumatlarda axtarışda olan seriyalı qatillərin sayının 2012-ci ildəki 25 nəfərdən 2024-cü ildə 14 nəfərə düşdüyü göstərilir.

Bununla belə, mütəxəssislər real göstəricilərin rəsmi statistikadan 1,5-2 dəfə çox ola biləcəyini düşünürlər. Xüsusilə cinsi xarakterli cinayətlərin bir hissəsinin müxtəlif səbəblərdən hüquq-mühafizə orqanlarına bildirilməməsi bu fərqə təsir göstərir.

Professorun fikrincə, seriyalı qatillərin azalması onların psixoloji baxımdan dəyişməsi ilə bağlı deyil. Bir çox potensial cinayətkar ilk qətldən sonra saxlanıldığı üçün növbəti cinayətləri törətməyə imkan tapmır.

Beləliklə, müasir dövrdə seriyalı qatillərin sayının azalması daha çox texnoloji imkanların genişlənməsi və insanların gündəlik həyatında nəzarət mexanizmlərinin güclənməsi ilə əlaqələndirilir.

Samir

0