II tip diabet artıq yaşlıların xəstəliyi hesab olunmur – Gənclər arasında da yayılır

SAĞLAMLIQ
17:24 / 27.11.2026
44

II tip şəkərli diabetin yalnız yaşlı insanlarda yarandığı barədə fikir artıq öz aktuallığını itirib. Son illər bu xəstəlik daha gənc yaşlarda, hətta yeniyetmələr arasında da aşkarlanır.

HİT.az xəbər verir ki, bunu Rusiya Səhiyyə Nazirliyinin Rusiya Tibb Akademiyasının Endokrinologiya kafedrasının professoru, tibb elmləri doktoru Yekaterina Şestakova “Gazeta.ru”ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, təxminən 30 il əvvəl II tip diabet yaşlılara xas xəstəlik kimi tanınırdı. Lakin piylənmənin geniş yayılması vəziyyəti dəyişib. Hazırda Rusiyada xəstəliyin ən yüksək göstəricisi 65-69 yaş qrupunda qeydə alınsa da, pasiyentlərin sayında artım artıq 35 yaşdan başlayır. Xüsusilə 30-40 yaşlı insanlarda bu diaqnoza daha çox rast gəlinir.

Professor xəbərdarlıq edib ki, xəstəliyin erkən yaşlarda yaranması gələcəkdə ağırlaşma riskini artırır. Çünki diabetin fəsadları birbaşa xəstəliyin davametmə müddəti ilə əlaqəlidir.

Şestakova II tip diabetin əsas risk faktorları sırasında hərəkətsiz həyat tərzini, düzgün olmayan qidalanmanı, şəkər və yağlarla zəngin qida qəbulunu, artıq çəkini və piylənməni göstərib. Xüsusilə qarın nahiyəsində və daxili orqanların ətrafında piylənmə təhlükəni artırır.

Həkimin sözlərinə görə, artıq çəkisi olan insanlar daha yüksək risk qrupuna daxildir. Bununla yanaşı, xolesterin və triqliserid səviyyəsi yüksək olanlar, arterial təzyiqdən əziyyət çəkənlər və ailəsində diabetə yoluxma halları olan şəxslər də diqqətli olmalıdırlar.

Mütəxəssis qeyd edib ki, II tip şəkərli diabet xəstəliyin ən geniş yayılmış formasıdır və onun qarşısının alınmasında çəkinin nəzarətdə saxlanılması, sağlam qidalanma və fiziki aktivlik mühüm rol oynayır.

Samir

0