Rusiyanın Avropadakı təxribatları təhlükəli həddə çatıb - WSJ

DÜNYA
14:30 / 27.11.2026
37

Rusiyanın Avropa ölkələrində həyata keçirdiyi təxribat əməliyyatlarının sayı sürətlə artır. Ekspertlər xəbərdarlıq edirlər ki, mövcud vəziyyət mülki əhali arasında kütləvi itkilərlə nəticələnə biləcək hadisələrə yol aça bilər.

HİT.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) London Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun (IISS) hesabatına istinadən yazıb.

Hesabata görə, ötən il Avropada Rusiyanın təşkil etdiyi təxribatların sayı 14 faiz artıb. Xüsusilə yanğın törətmə və partlayıcı qurğuların yerləşdirilməsi halları təxminən iki dəfə çoxalıb.

IISS ekspertləri hesab edirlər ki, əməliyyatların intensivləşməsi və mümkün səhvlər üçün imkanların daralması kütləvi insan tələfatı ilə nəticələnəcək insident riskini artırır.

WSJ yazır ki, Rusiya ilə əlaqələndirilən ən təhlükəli hadisələrdən biri avqust ayında Almaniyada qeydə alınıb. Belə ki, ölkənin əsas yükdaşıma mərkəzlərindən biri hesab edilən mülki hava limanında partlayıcı maddə daşıyan pilotsuz uçuş aparatı partlamayıb. Hadisənin baş verməsi ciddi dağıntılara və çoxsaylı insan tələfatına səbəb ola bilərdi. Nəşr Rumıniya və Polşada baş verən digər insidentlərə də diqqət çəkib.

Məlumata görə, Avropa ölkələri ötən il Rusiya agentlərinin saxlanılması istiqamətində tədbirləri gücləndirsələr də, təxribatların sayı azalmayıb. Bu isə Rusiyanın kəşfiyyat strukturlarının Avropada geniş vasitəçi şəbəkələrə malik olduğunu göstərir.

Hazırda Avropa dövlətləri strateji əhəmiyyətli obyektlərin mühafizəsini gücləndirir, Rusiya kəşfiyyatı ilə əlaqələndirilən diplomatları ölkədən çıxarır və bəzi hallarda Rusiya konsulluqlarını bağlayırlar.

IISS hesab edir ki, NATO ölkələri Rusiyanın davranışını dəyişdirmək üçün mümkün cavab tədbirləri ilə bağlı açıq xəbərdarlıq etməlidir. Lakin WSJ bu yanaşmanın riskli olduğunu düşünür. Nəşrin fikrincə, əvvəlcədən müəyyən edilmiş “qırmızı xətlər” Moskvaya hansı həddə qədər təxribat törədə biləcəyini anlamaq imkanı verə bilər. Bundan başqa, həmin sərhədlər pozulduğu halda NATO-nun vəd etdiyi cavabı verməməsi alyansın nüfuzuna xələl gətirə bilər.

WSJ daha təsirli addım kimi Rusiyanın indiyədək törətdiyi hücumlara görə konkret nəticələrlə üzləşməsini təklif edir. Nəşr bildirir ki, Avropada təxminən 230 milyard dollar həcmində Rusiya aktivləri dondurulub və bu vəsaitlərin Ukraynaya dəstək məqsədilə müsadirəsi məsələsi gündəmə gətirilə bilər.

Qeyd edək ki, bundan əvvəl Britaniyanın MI5 kəşfiyyat xidməti ölkədəki müdafiə sənayesi müəssisələrinə qarşı Rusiyanın təxribat təhlükəsinin yüksək olduğu barədə xəbərdarlıq etmişdi. Polşanın xüsusi xidmətlər üzrə koordinatoru Tomaş Semonyak isə Ukraynada müharibə başa çatsa belə, Rusiyanın Avropadakı təxribat fəaliyyətinin dayanmayacağını bildirmişdi.

Samir
 

0