Bəzi insanlar romantik münasibətlər qurmaqda və uzunmüddətli birliktelikləri davam etdirməkdə digərlərinə nisbətən daha çox çətinlik çəkirlər. Almaniyada uzun illər ərzində toplanmış məlumatları araşdıran alimlər subay qalmaqla şəxsiyyət xüsusiyyətləri arasında əlaqə olduğunu müəyyən ediblər. Maraqlıdır ki, bu xüsusiyyətlərin təsiri qadınlarda və kişilərdə fərqli şəkildə özünü göstərir.
HİT.az xəbər verir ki, bu barədə "CHIP" nəşri məlumat yayıb.
"Journal of Personality" jurnalında dərc olunan araşdırmaya görə, maraq, yaradıcılıq və yeni təcrübələrə açıqlıq kimi xüsusiyyətlərə sahib insanların romantik münasibət qurmaq ehtimalı daha aşağı ola bilər.
Tədqiqatçılar araşdırma zamanı Almaniyada aparılmış genişmiqyaslı və uzunmüddətli elmi layihənin 14 mərhələsində toplanan məlumatlardan istifadə ediblər. İştirakçıların şəxsiyyət xüsusiyyətləri psixologiyada "Böyük beşlik" kimi tanınan beş meyar üzrə qiymətləndirilib. Bunlara təcrübəyə açıqlıq, ekstraversiya, nevrotiklik, məsuliyyətlilik və uyğunlaşma qabiliyyəti daxildir.
Bundan əlavə, narsisizm, makiavellizm və psixopatiya kimi xüsusiyyətləri birləşdirən "Qaranlıq üçlük" də araşdırılıb. İştirakçıların münasibət statusları da qeydə alınıb.
Hansı xüsusiyyətlər subay qalmaq ehtimalını artırır?
Araşdırmanın əsas nəticələrindən biri təcrübəyə açıqlıq səviyyəsi yüksək olan insanların daha çox subay qalması ilə bağlıdır. Maraq, yaradıcılıq və yeni təcrübələrə meyilliliklə əlaqələndirilən bu xüsusiyyət xüsusilə qadınlarda daha nəzərəçarpan olub.
Digər tərəfdən, ekstraversiya, məsuliyyətlilik və uyğunlaşma qabiliyyəti yüksək olan şəxslərin subay qalma ehtimalı daha aşağı müəyyən edilib. Sosiallıq və ünsiyyətcilliklə bağlı ekstraversiyanın təsiri isə xüsusilə kişilərdə daha güclü olub.
"Qaranlıq üçlük" xüsusiyyətləri üzrə də maraqlı nəticələr əldə edilib. Yüksək psixopatiya göstəriciləri və narsisizmin müəyyən formaları subaylıqla əlaqələndirilib. Makiavellizm göstəricisi yüksək olan şəxslərdə isə əks tendensiya müşahidə olunub.
Alimlər hesab edirlər ki, impulsivlik, empatiya çatışmazlığı və peşmanlıq hissinin zəif olması uzunmüddətli münasibətlərin qurulmasına və qorunmasına mane ola bilər.
Tədqiqatçılara görə, yeni təcrübələrə həddindən artıq açıq olmaq uzunmüddətli münasibətə bağlanmaq istəyini azalda bilər. Məsuliyyət hissi isə mövcud münasibətləri qorumaqda üstünlük yarada bilər. "Qaranlıq üçlük" xüsusiyyətləri qısa müddətli münasibətlərdə qarşı tərəfin diqqətini cəlb etsə də, uzunmüddətli birliktelik üçün vacib olan motivasiya və bacarıqlara mənfi təsir göstərə bilər.
Subay olmaq bədbəxtlik demək deyil
Araşdırmanın müəllifi, professor Elyakim Kislev subay insanları eyni xüsusiyyətlərə malik vahid qrup kimi qiymətləndirməyin düzgün olmadığını bildirib. Onun fikrincə, subaylıq hər bir insan üçün fərqli məna daşıyan və düşünüldüyündən daha mürəkkəb bir təcrübədir.
Alim vurğulayıb ki, şəxsiyyət xüsusiyyətləri insanların niyə daha uzun müddət subay qaldığını müəyyən dərəcədə izah edə bilər. Lakin bu nəticələr əsasında həmin şəxslərin həyatlarından məmnun olub-olmadıqları barədə fikir yürütmək mümkün deyil.
Kislevin sözlərinə görə, subaylığın insanlara təsirini anlamaq üçün təkcə onların şəxsi təcrübələri deyil, cəmiyyətin münasibətlər və ailə həyatı ilə bağlı gözləntiləri də nəzərə alınmalıdır.
Samir


