Alimlər müəyyən ediblər ki, insanın görmə qabiliyyətini xüsusi vizual məşqlər etmədən də yaxşılaşdırmaq mümkündür. Bunun üçün yuxu zamanı əvvəllər öyrənilmiş səslərdən istifadə etmək kifayət edə bilər.
HİT.az xəbər verir ki, “Science Advances” jurnalında dərc olunan tədqiqat Cənubi Çin Normal Universiteti və Pekin Universitetinin alimləri tərəfindən aparılıb.
Eksperiment zamanı iştirakçılara əvvəlcə müəyyən istiqamətdə əyilmiş xətlər göstərilib və həmin təsvir konkret səslə əlaqələndirilib. Daha sonra iştirakçılar oyaq olarkən və ya dərin yuxu mərhələsində olduqda onlara eyni səs yenidən dinlədilib. Bu zaman hər hansı vizual görüntü təqdim edilməyib. Ardınca alimlər onların xətlərin meyl istiqamətini ayırd etmək qabiliyyətini yoxlayıblar.
Nəticələr göstərib ki, öyrənilmiş səsin oyaqlıq zamanı təkrar səsləndirilməsi görmə həssaslığını orta hesabla 14,7 faiz artırıb. Bu göstərici adi vizual məşqlərin nəticələri ilə müqayisə oluna bilər. Yuxu zamanı səs siqnallarının verilməsi isə cəmi bir seansda 13,75 faizlik yaxşılaşma ilə nəticələnib. Tədqiqatçılar bu üsulun bir tətbiq üzrə effektivliyinin ənənəvi məşqlərdən xeyli yüksək olduğunu bildiriblər.
Bununla belə, təsir bütün görmə sahəsinə şamil edilməyib. Yalnız əvvəlcədən səslə əlaqələndirilmiş xətt istiqamətinin və görmə sahəsinin müvafiq hissəsinin qavranılması yaxşılaşıb. Maraqlıdır ki, yuxu zamanı əvvəldən öyrədilməmiş səsin səsləndirilməsi əksinə, görmə həssaslığını zəiflədib.
Alimlər bu nəticəni beynin görmə və eşitmə sistemləri arasındakı əlaqə ilə izah edirlər. Onların fikrincə, səs siqnalları yaddaşda saxlanılan vizual təsvirləri yenidən aktivləşdirir və xarici görüntü olmadan da beyində müəyyən dəyişikliklərə səbəb olur.
Tədqiqat müəllifləri hesab edirlər ki, gələcəkdə bu yanaşma görmə pozuntularının reabilitasiyasında istifadə oluna bilər. Lakin hazırkı nəticələr laboratoriya təcrübələrinə əsaslanır və metodun tibbi praktikada tətbiqi üçün əlavə araşdırmalara ehtiyac var.
Samir

