“Türk Dövlətləri Təşkilatı və Zəngəzur dəhlizinin perspektivi böyükdür” - MÜSAHİBƏ

MÜSAHİBƏ
14:14 / 13.08.2026
616

“Türk Söhbəti”nin buhəftəki qonağı beynəlxalq münasibətlər üzrə ekspert Mehmet Gökhan Özçubukçudur.

Onunla Türk Dövlətləri Təşkilatının perspektivləri, Zəngəzur dəhlizi və Azərbaycanla Ermənistan arasında imzalanması gözlənilən sülh müqaviləsindən danışdıq. Həmçinin, Bakıda keçiriləcək Türk Dövlətləri Təşkilatının Aparıcı Milli Analitik Mərkəzlərinin 2-ci Beynəlxalq Konfransının əhəmiyyəti barədə də söhbət etdik. 

Beləliklə, müsahibəni təqdim edirik:

-    Mehmet bəy, Türk Dövlətləri Təşkilatının (TDT) gələcəkdə gücünün daha da artması üçün başqa hansı addımların atılmasına ehtiyac olduğunu düşünürsünüz?


-    Türk Dövlətləri Təşkilatının son illərdə keçirdiyi transformasiya onu yalnız mədəni və siyasi əməkdaşlıq platforması olmaqdan çıxararaq iqtisadiyyat, nəqliyyat, enerji, rəqəmsallaşma, təhlükəsizlik və diplomatiya sahələrində getdikcə daha əhatəli bir struktura çevirməkdədir. 

Bu prosesin davamlı və effektiv hala gəlməsi üçün bundan sonrakı mərhələdə əsas prioritetin qəbul edilən qərarların konkret layihələrə və ölçülə bilən nəticələrə çevrilməsi olduğunu düşünürəm. Bu gün Türk Dövlətləri Təşkilatı iqtisadiyyat, ticarət, nəqliyyat, təhsil, elm, rəqəmsal iqtisadiyyat və enerji kimi çoxsaylı sahələrdə əməkdaşlığı inkişaf etdirir.

İlk növbədə iqtisadi inteqrasiyanın dərinləşdirilməsi lazımdır. Türk dövlətləri arasındakı ticarət dövriyyəsinin artırılması, investisiya proseslərinin asanlaşdırılması, gömrük prosedurlarının rəqəmsallaşdırılması və biznes dünyasının birbaşa şəkildə bir-birinə bağlanması böyük əhəmiyyət daşıyır. Uzunmüddətli perspektivdə ortaq investisiya fondlarının gücləndirilməsi, birgə sənaye və texnologiya layihələrinin inkişaf etdirilməsi və Türk Dövlətləri Təşkilatı coğrafiyasında istehsal zəncirlərinin yaradılması təşkilatın iqtisadi çəkisini əhəmiyyətli dərəcədə artıra bilər.

İkinci mühüm sahə nəqliyyat və bağlantıdır. Orta Dəhlizin inkişaf etdirilməsi, Xəzərdən keçən daşımaların potensialının artırılması, dəmir yolu xətlərinin bir-birinə daha effektiv şəkildə bağlanması və gömrük proseslərinin uzlaşdırılması Türk dünyasını yalnız siyasi baxımdan deyil, iqtisadi baxımdan da bir-birinə daha da yaxınlaşdıracaq. Bu baxımdan Azərbaycan, Qazaxıstan, Özbəkistan və Türkiyə arasında inkişaf edən nəqliyyat bağlantıları mühüm potensiala malikdir.

-    Başqa hansı həmlələr lazımdır?
-    Həmçinin, rəqəmsal inteqrasiyaya daha çox əhəmiyyət verilməlidir. Süni intellekt, kibertəhlükəsizlik, rəqəmsal ödəniş sistemləri, elektron ticarət və məlumat infrastrukturları gələcəyin iqtisadi rəqabətinin əsas elementləri olacaqdır. Türk Dövlətləri Təşkilatının 2026-cı il gündəliyində süni intellekt və rəqəmsal inkişafın xüsusi bir başlıq halına gətirilməsi də bu transformasiyanın əhəmiyyətini göstərir.

Bundan başqa, təhlükəsizlik və müdafiə sahəsində məlumat mübadiləsi, sərhəd təhlükəsizliyi, terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizə kimi məsələlərdə koordinasiya gücləndirilə bilər. Lakin burada Türk Dövlətləri Təşkilatının xarakterinin qorunması və təşkilatın ilk növbədə iqtisadi, siyasi, texnoloji və strateji əməkdaşlıq potensialını inkişaf etdirən bir struktur kimi irəliləməsi vacibdir.

Yəni Türk Dövlətləri Təşkilatının gələcəkdəki gücü yalnız üzv sayının və ya siyasi görünürlüğünün artması ilə deyil, ticarət aparan, investisiya yaradan, nəqliyyat şəbəkələrini birləşdirən, texnologiya inkişaf etdirən və ortaq problemlərə ortaq həllər istehsal edən institusional potensiala çatması ilə ölçüləcəkdir. Məncə, qarşıdakı dövrün əsas hədəfi “Türk dünyası əməkdaşlığı” anlayışını gündəlik həyata və iqtisadiyyata təsir edən konkret bir reallığa çevirmək olmalıdır.

-    Zəngəzur dəhlizinin açılması regionda və dünyada nələri dəyişəcək?


-    Zəngəzur dəhlizi kimi ifadə edilən və Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı Ermənistan üzərindən bir-birinə bağlaması nəzərdə tutulan nəqliyyat bağlantısının həyata keçirilməsi yalnız iki coğrafiya arasındakı nəqliyyatın yenidən bərpa edilməsi demək olmayacaq. Bu inkişaf Cənubi Qafqazın iqtisadi, nəqliyyat və geosiyasi xəritəsini dəyişdirə biləcək strateji bir hadisə olacaq. Xüsusilə Azərbaycan baxımından qiymətləndirildikdə, Zəngəzur bağlantısı ölkənin son illərdə inkişaf etdirdiyi nəqliyyat və bağlantı vizyonunun mühüm tamamlayıcısıdır.

Azərbaycan son illərdə yalnız enerji resursları ilə önə çıxan ölkə olmaqdan çıxaraq Xəzər ilə Cənubi Qafqazı bir-birinə bağlayan mühüm nəqliyyat və logistika mərkəzinə çevrilmək istiqamətində ciddi addımlar atıb. Bakı Beynəlxalq Dəniz Limanı, Bakı-Tbilisi-Qars Dəmir Yolu və Xəzərdən keçən daşımaların infrastrukturunun inkişaf etdirilməsi bu strategiyanın mühüm elementləridir. Zəngəzur bağlantısının həyata keçirilməsi isə bu infrastruktur şəbəkəsinin Türkiyə və dolayısıyla Avropa istiqamətində yeni bir bağlantı ilə gücləndirilməsi demək olacaq.

Bu məqamda Azərbaycanın rolunun xüsusilə vurğulanması lazımdır. Azərbaycan Türk dünyasının şərqi ilə qərbi arasında iqtisadi bağlantının qurulmasında əsas ölkələrdən birinə çevrilib. Orta Asiyadan Xəzər dənizi üzərindən gələn yüklərin Azərbaycan vasitəsilə Cənubi Qafqaza, oradan isə Türkiyə və Avropaya çatdırılması Bakının geoiqtisadi əhəmiyyətini hər keçən gün artırır. Zəngəzur bağlantısı da bu struktura əlavə edildikdə Azərbaycanın tranzit ölkə mövqeyi daha da güclənəcəkdir.

Bunun Türkiyə baxımından da mühüm nəticələri olacaq. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasındakı quru əlaqəsinin gücləndirilməsi Türkiyə - Azərbaycan arasındakı nəqliyyat şəbəkəsinin daha birbaşa və inteqrasiya olunmuş hala gəlməsinə töhfə verəcək. Eyni zamanda, Türkiyənin Orta Asiyanın türk dövlətləri ilə iqtisadi və nəqliyyat bağlantılarını gücləndirəcək yeni bir xətt meydana çıxacaq. Beləliklə, Zəngəzur yalnız Azərbaycan ilə Türkiyə arasındakı bağlantını deyil, daha geniş mənada Türk dünyasının coğrafi bağlantısını gücləndirən bir amilə çevrilə bilər.

-    Məsələnin diplomatik tərəfinin də böyük əhəmiyyəti var...
-    Bəli, burada Azərbaycanın son illərdəki diplomatik yanaşması da əhəmiyyət daşıyır. Bakı nəqliyyat layihələrini yalnız ikitərəfli münasibətlər çərçivəsində deyil, regional iqtisadi əməkdaşlığın bir vasitəsi kimi qiymətləndirir. Bu baxımdan Zəngəzurun açılması Azərbaycan üçün sadəcə strateji nəqliyyat qazancı deyil, Cənubi Qafqazın iqtisadi potensialını artıra biləcək bir fürsətdir.

Marşrutun həyata keçirilməsi Ermənistan baxımından da iqtisadi imkanlar yarada bilər. Ermənistan öz ərazisindən keçəcək nəqliyyat bağlantılarından tranzit gəliri əldə edə, infrastrukturunu inkişaf etdirə və regional ticarət şəbəkələrinə daxil ola bilər. 

Qlobal baxımdan isə Zəngəzur bağlantısının əhəmiyyəti daha da genişlənir. Çindən başlayan, Orta Asiya üzərindən Xəzər dənizinə çatan və Azərbaycan vasitəsilə Cənubi Qafqaza uzanan Orta Dəhlizin Türkiyə və Avropa ilə bağlantısının güclənməsi Avrasiya ticarətində alternativ marşrutların şaxələndirilməsinə töhfə verə bilər. Xüsusilə qlobal ticarətin daha təhlükəsiz, proqnozlaşdırıla bilən və şaxələndirilmiş nəqliyyat marşrutlarına ehtiyac duyduğu bir dövrdə bu cür bağlantıların strateji dəyəri artır.

-    Zəngəzur dəhlizinin açılması ilə Azərbaycan hansı üstünlükləri əldə edəcək?
-    Əslində, Azərbaycanın burada əldə etdiyi üstünlük yalnız coğrafi mövqeyindən irəli gəlmir. Azərbaycan son illərdə enerji sahəsindəki strateji mövqeyini nəqliyyat, logistika və bağlantısallıq sahələrinə də daşımaq istiqamətində mühüm potensial nümayiş etdirib. Xəzərin iki sahili arasında bağlantı yarada bilməsi, Türkiyə ilə yaxın strateji münasibətləri və Orta Asiyanın türk dövlətləri ilə inkişaf edən iqtisadi əlaqələri Azərbaycanı bu yeni geoiqtisadi təsvirdə mühüm mərkəzə çevirir.

Bundan əlavə, marşrutun effektivliyi yalnız bir dəmir yolu və ya avtomobil yolunun inşa edilməsindən deyil, Orta Dəhlizin bütün marşrutu boyunca infrastruktur və gömrük proseslərinin əlaqələndirilmiş şəkildə inkişaf etdirilməsindən asılı olacaq.

Dolayısıyla Zəngəzurun əsas əhəmiyyəti yalnız bir nəqliyyat xətti olmasından irəli gəlmir. Bu bağlantı Azərbaycanın son illərdə inkişaf etdirdiyi regional bağlantı vizyonunun mühüm bir hissəsi kimi qiymətləndirilə bilər. Azərbaycan bu gün enerji resurslarını, nəqliyyat infrastrukturunu, Xəzərdəki mövqeyini və Türkiyə ilə strateji tərəfdaşlığını bir araya gətirərək Cənubi Qafqaz ilə Türk dünyası arasında mühüm bir bağlantı nöqtəsi yaradır.

Hesab edirəm ki, Zəngəzur dəhlizi açılanda Azərbaycanın Cənubi Qafqazdakı geoiqtisadi çəkisi daha da artacaq, Bakı Xəzərdən Türkiyəyə və Avropaya uzanan nəqliyyat şəbəkəsinin ən mühüm mərkəzlərindən biri olmaq mövqeyini gücləndirəcək. Lakin bu prosesin davamlı uğura çatması üçün Zəngəzuru yalnız bir dəhliz kimi deyil, Azərbaycanın öncüllük etdiyi daha geniş regional bağlantı və iqtisadi inteqrasiya perspektivinin bir hissəsi kimi görmək lazımdır.

Bu səbəbdən Zəngəzuru “bir tərəfin qazandığı, digər tərəfin itirdiyi” geosiyasi mübarizə meydanı kimi deyil; Azərbaycanın mövcud nəqliyyat və iqtisadi potensialını regional əməkdaşlığa çevirə biləcəyi və Cənubi Qafqazı daha çox ticarət, tranzit və investisiya şəbəkəsinə bağlaya biləcəyi strateji fürsət kimi qiymətləndirmək daha doğru olar.

-    Bəs türk xalqlarının bir-biri ilə təmaslarını daha da artırmaq üçün nələr edilməlidir?
-    Türk dünyasında dövlətlər arasındakı münasibətlər son illərdə əhəmiyyətli dərəcədə inkişaf edib. Lakin dövlətlərarası münasibətlərin güclənməsi ilə cəmiyyətlərin bir-biri ilə daha intensiv təmas qurması eyni şey deyil. Davamlı və güclü Türk dünyası əməkdaşlığı üçün dövlətlər arasındakı diplomatik münasibətlərlə yanaşı, cəmiyyətlərarası əlaqələrin də gücləndirilməsi lazımdır.

Bunun ilk mərhələsini təhsil təşkil edir. Tələbə mübadilə proqramlarının genişləndirilməsi, universitetlər arasında birgə ixtisasların və ikili diplom proqramlarının artırılması, akademik mobilliyin asanlaşdırılması və ortaq tədqiqat mərkəzlərinin yaradılması son dərəcə əhəmiyyətlidir. Xüsusilə gənclərin bir-birini yalnız tarix və mədəniyyət üzərindən deyil, müasir həyat, iqtisadiyyat, texnologiya və təhsil sahələrində də tanıması lazımdır.

İkinci mühüm məsələ dil və ünsiyyətdir. Türk dünyasında ortaq dil müzakirələri uzun müddətdir gündəmdə olsa da, qısa müddətdə vahid bir dil yaradılmasından daha çox, mövcud türk ləhcələri arasındakı ünsiyyəti asanlaşdıracaq ortaq terminologiyanın və rəqəmsal vasitələrin inkişaf etdirilməsi daha real olacaqdır. Ortaq lüğətlər, rəqəmsal tərcümə sistemləri, media məzmunları və tədris materialları bu istiqamətdə mühüm töhfə verə bilər.

Üçüncü olaraq turizm və gənclərin mobilliyi artırılmalıdır. Türk dövlətləri arasında viza və səyahət imkanlarının asanlaşdırılması, gənclər düşərgələri, ortaq mədəniyyət festivalları, idman tədbirləri və könüllülük proqramları cəmiyyətlərin bir-birini daha yaxından tanımasına imkan verəcəkdir. İnsanların bir-birinin ölkələrini ziyarət etməsi ortaq mədəni əlaqələrin gündəlik həyatda daha görünən hala gəlməsinə şərait yaradır.

-    Sadəcə bu addımlar kifayətdir?
-    Xeyr, media da çox mühümdür. Türk dünyasının müxtəlif bölgələrində istehsal olunan xəbər, sənədli film, serial, kino və rəqəmsal məzmunların digər türk dövlətlərində daha çox izlənə bilməsi lazımdır. Bunun üçün ortaq media platformaları və ya məzmun paylaşımı mexanizmləri inkişaf etdirilə bilər. Xüsusilə gənc əhalinin sosial media vasitəsilə ünsiyyət qurduğu nəzərə alındıqda, bu sahənin əhəmiyyəti daha da artır.

Bundan əlavə, iqtisadi əlaqələrin cəmiyyətlərarası təmasları da dəstəkləməsi lazımdır. Ortaq sahibkarlıq proqramları, gənc sahibkar şəbəkələri, biznes görüşləri və təcrübə proqramları yaradıla bilər. Məncə, burada ən mühüm məqam budur: Türk dünyası yalnız dövlətlərin bir-biri ilə keçirdiyi görüşlərdən ibarət olmamalıdır. 

Universitetlər, tələbələr, sənətçilər, jurnalistlər, akademiklər, sahibkarlar və vətəndaş cəmiyyəti təşkilatları arasında davamlı bir kommunikasiya şəbəkəsi yaradılmalıdır. Dövlətlər arasındakı münasibətlər siyasi qərarlarla sürətlə inkişaf edə bilər; ancaq cəmiyyətlər arasındakı əlaqələrin güclənməsi daha uzun zaman tələb edir və daha davamlı nəticələr yaradır. Bu səbəbdən qarşıdakı dövrdə Türk Dövlətləri Təşkilatının insan mərkəzli əməkdaşlığa daha çox diqqət yetirməsi Türk dünyası ideyasının ictimai əsasını gücləndirəcək.

-    “Türk Dövlətləri Təşkilatının Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransı”nın Bakıda keçirilməsinin əhəmiyyətini necə dəyərləndirisiniz?


-    “Türk Dövlətləri Təşkilatının Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransı”nın Bakıda keçirilməsini Türk dünyasında ortaq strateji düşüncə və iqtisadi əməkdaşlıq potensialının inkişaf etdirilməsi baxımından son dərəcə mühüm bir hadisə kimi qiymətləndirirəm. Xüsusilə konfransın İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) ilə Türk Dövlətləri Təşkilatının birgə təşkilatçılığı ilə keçirilməsi ayrıca əhəmiyyət daşıyır. Çünki İİTKM Azərbaycanın iqtisadi transformasiyasını, regional iqtisadi prosesləri və yeni iqtisadi tendensiyaları analitik perspektivdən qiymətləndirən mühüm qurumlardan biri kimi önə çıxır.

İİTKM-nin nəzdində həyata keçirilən Türk Dünyası Araşdırmaları üzrə fəaliyyətləri də burada xüsusilə vurğulamaq lazımdır. Bu çalışmalar Türk dövlətləri arasındakı münasibətlərin yalnız mədəni və ya siyasi aspektlərlə məhdudlaşmaması; ticarət, investisiya, nəqliyyat, iqtisadi inteqrasiya, rəqəmsallaşma və regional bağlantı kimi sahələrdə də nəzərdən keçirilməsi baxımından mühüm bir boşluğu doldurur. 

Türk dünyasının iqtisadi potensialının elmi və analitik məlumatlar əsasında araşdırılması ortaq siyasətlərin hazırlanması baxımından böyük dəyər daşıyır. Bu baxımdan İİTKM-nin Türk dünyasına yönəlmiş tədqiqat potensialını institusional şəkildə inkişaf etdirməsi və bu sahədəki ekspertiza və təcrübəsini beynəlxalq platformalara daşıması təqdirəlayiqdir.

Konfransın mövzusuna nəzər saldıqda da əslində Türk dünyasının gələcəyinə dair olduqca mühüm məsələlərin eyni çətir altında toplandığını görürük. Orta Dəhliz, Türk dövlətləri arasındakı ticarət və iqtisadi əlaqələr, innovasiya, iqtisadi transformasiya, rəqəmsallaşma və süni intellekt kimi mövzular artıq Türk dünyasının gələcəyini birbaşa müəyyən edən strateji sahələrdir. Buna görə də bu məsələlərin aparıcı analitik mərkəzlərin nümayəndələri tərəfindən birgə müzakirə edilməsi ortaq siyasət formalaşdırmaq potensialının inkişafına mühüm töhfə verəcək.

-    Belə mötəbər tədbirin paytaxtımızda keçirilməsi bizim üçün də əlavə üstünlükdür, elə deyilmi?
-    Bəli, Bakının ev sahibliyi etməsi də son dərəcə əhəmiyyətlidir. Azərbaycan Xəzər hövzəsindəki mövqeyi, enerji infrastrukturu, nəqliyyat bağlantıları və Orta Dəhlizdəki mərkəzi rolu sayəsində Türk dünyasının iqtisadi bağlantısallığında mühüm mövqeyə malikdir. Buna görə də belə bir konfransın Bakıda keçirilməsi nəzəri müzakirələrin regiondakı konkret iqtisadi və nəqliyyat inkişafları ilə əlaqələndirilməsinə imkan yaradır.

Fikrimcə, konfransın ən mühüm nəticələrindən biri Türk dünyasındakı analitik mərkəzlər arasında davamlı tədqiqat və məsləhətləşmə şəbəkəsinin yaradılması olacaq. İİTKM-nin bu prosesdə öncü rol üzərinə götürməsi, xüsusilə Türk Dünyası Araşdırmaları sahəsindəki çalışmaların digər ölkələrdəki beyin mərkəzləri ilə birgə layihələrə çevrilməsi böyük əhəmiyyət daşıyır.

Bu konfransı yalnız bir iqtisadiyyat konfransı kimi qiymətləndirmək olmaz. Bu, Türk dünyasında ortaq düşüncə, ortaq tədqiqat və ortaq siyasət formalaşdırma mədəniyyətinin gücləndirilməsi baxımından strateji bir platformadır. İİTKM-nin iqtisadi təhlil potensialı ilə Türk Dünyası Araşdırmaları sahəsindəki fəaliyyətlərinin Türk Dövlətləri Təşkilatının institusional vizyonu ilə bir araya gəlməsi Türk dünyasının iqtisadi inteqrasiyasına və “Türk Dünyası Vizyonu - 2040” hədəflərinin həyata keçirilməsinə mühüm töhfələr verəcək.

-    Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin nə vaxt imzalanacağını düşünürsünüz?


-    Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması məsələsində artıq əsas problem tərəflərin bir sülh mətni üzərində razılığa gələ bilməməsi deyil. 8 avqust 2025-ci ildə Vaşinqtonda iki ölkənin xarici işlər nazirləri “Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş” mətnini parafladılar. Eyni sammit çərçivəsində yayımlanan birgə bəyanatda da sazişin imzalanması və yekun olaraq təsdiqlənməsi üçün zəruri addımların atılacağı açıq şəkildə ifadə edildi. Buna görə də bu gün gəlinən mərhələdə məsələ razılaşdırılmış mətnin siyasi və hüquqi baxımdan tamamlanmasından ibarətdir. 

Lakin burada Azərbaycanın son dərəcə aydın və uzun müddətdir dəyişməyən mövqeyi var. O da Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılmasıdır. Buna görə də Azərbaycan sözügedən müddəaların hüquqi baxımdan aradan qaldırılmasını sülh sazişinin yekun imzası baxımından əsas şərt kimi görür. Azərbaycan Xarici İşlər Nazirliyi də daha əvvəl konstitusiya dəyişikliyini Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiaların aradan qaldırılması baxımından ön şərt kimi müəyyənləşdirmişdi.

Burada mühüm məqam Azərbaycanın Ermənistana “konstitusiya dəyişikliyini hansı üsulla həyata keçirəcəyini” diktə etməkdən daha çox, nəticənin hüquqi baxımdan aydın və məcburi olmasını tələb etməsidir. 2026-cı ilin iyulunda Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyev də konstitusiya dəyişikliyinin formasının Ermənistanın daxili məsələsi olduğunu, lakin Azərbaycana qarşı ərazi iddiası kimi qiymətləndirilən müddəaların yeni konstitusiya və ya başqa hüquqi mexanizm vasitəsilə rəsmi şəkildə aradan qaldırılmasının zəruri olduğunu bildirdi. 

-    Əslində, Ermənistan rəhbərliyi də bu istiqamətdə ciddi addımlar atmalıdır...
-    Bəli, rəsmi İrəvanın atmalı olduğu konkret addımları bir neçə istiqamət üzrə qiymətləndirə bilərik. Birincisi, konstitusiya səviyyəsində Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə zidd şəkildə şərh oluna biləcək müddəaların aradan qaldırılmasıdır. İkincisi, bu dəyişikliyin yalnız layihə mərhələsində saxlanılmaması, konstitusiya prosedurunun tamamlanaraq hüquqi qüvvəyə minməsidir. 

Üçüncüsü, sülh sazişinin imzalanması və daha sonra iki ölkənin öz konstitusiya və hüquqi prosedurları çərçivəsində sazişi təsdiqləməsidir. Dördüncüsü, sərhədlərin müəyyənləşdirilməsi və delimitasiya prosesinin tamamlanması, qarşılıqlı olaraq suverenlik və ərazi bütövlüyü prinsipinin faktiki şəkildə tətbiq edilməsidir. Beşincisi isə regional nəqliyyat bağlantılarının açılması və iki ölkə arasındakı iqtisadi münasibətlərin normallaşdırılmasıdır.

Bu məqamda xüsusilə vurğulamaq lazımdır: Sülh yalnız bir sənəd deyil. Konstitusiya dəyişikliyi zəruri hüquqi zəmini yarada bilər; lakin real və davamlı sülh üçün bunun sahədəki tətbiqlərlə dəstəklənməsi lazımdır. Sərhədlərin müəyyənləşdirilməsi, nəqliyyat xətlərinin açılması, ticarətin inkişaf etdirilməsi və cəmiyyətlər arasında təmasların başlaması imzalanacaq sazişin davamlılığını gücləndirəcək.

-    Yəni sülh müqaviləsi ilə bağlı tarix proqnozlaşdırmaq istəmirsiniz?
-    Dediyim səbəblərə görə sülh sazişinin tarixini konkret bir gün və ya ay üzərindən müəyyənləşdirməyin doğru olmadığı qənaətindəyəm. Lakin mövcud vəziyyətə baxdıqda, Ermənistanın konstitusiya dəyişikliyi məsələsində konkret və geri dönməz addım atması halında sazişin yekun imzasının qarşısındakı ən mühüm siyasi maneənin aradan qalxacağını söyləmək olar. Azərbaycan tərəfi də konstitusiya məsələsi həll edildikdə sazişin imzalanması qarşısında başqa fundamental maneə görmədiyini bildirir. 

Bu baxımdan mənim gözləntim ondan ibarətdir ki, Ermənistan konstitusiya prosesini konkretləşdirər və Azərbaycanın tələb etdiyi hüquqi dəyişiklikləri həyata keçirərək bu istiqamətdə konkret və geri dönməz addımlar atarsa, sülh sazişinin imzalanması üçün zəruri siyasi və hüquqi zəmin daha da möhkəmlənəcək. Lakin burada əsas məsələ təqvimdən daha çox siyasi iradədir. Əgər rəsmi İrəvan zəruri konstitusiya və hüquqi addımları atarsa, prosesin sürətlənməsi və sülh sazişinin yekun imza mərhələsinə keçməsi mümkün olacaq. Əks halda, paraflanmış mətn uzun müddət yekun imza mərhələsində gözləyə bilər.

Nəticə etibarilə, Cənubi Qafqazın davamlı sülhə nail olması üçün artıq yeni bir danışıqlar mətnindən daha çox, mövcud razılaşmanın tələb etdiyi konkret siyasi və hüquqi addımların atılması lazımdır. Ermənistanın konstitusiya dəyişikliyini həyata keçirməsi, Azərbaycanın ərazi bütövlüyünü hüquqi baxımdan mübahisə mövzusu olmaqdan çıxarması və daha sonra sülh sazişinin imzalanması regionun yeni dövrünün ən mühüm dönüş nöqtələrindən biri olacaq.

Elmir Mustafa

0