Fiziklər işıq sürəti baryerini aşmağın yolunu tapdı

DÜNYA
13:20 / 13.08.2026
36

Amerikalı tədqiqatçılar göstəriblər ki, dalğaların interferensiyası enerji piklərinin işıq sürətindən daha sürətli hərəkət etməsinə səbəb ola bilər. Bununla belə, informasiya yenə də işıqdan sürətli ötürülmür və buna görə də xüsusi nisbilik nəzəriyyəsi pozulmur.

HİT.az xəbər verir ki, tədqiqat “Physical Review E” jurnalında dərc olunub.

Effekt səsin yayılmasının modelləşdirilməsi zamanı aşkar edilib. Hesablamalarda saniyədə 1500 metr sürətlə yayılan siqnal enerji piklərinin sanki saniyədə 1694,5, hətta 2782,5 metr sürətlə hərəkət etməsinə səbəb olub.

Bunun səbəbi düz və əks olunan dalğaların bir-birinin üzərinə düşməsi və enerji pikini düz dalğanın çatacağı vaxtdan daha erkən meydana gətirməsidir.

“İnformasiyanın ötürülmə sürəti vakuumda işıq sürətindən az və ya ona bərabərdir”, – tədqiqatın rəhbəri, Pensilvaniya Universitetinin akustiki Con Spisberger vurğulayıb.

O, Vudshol okeanoqrafiya institutunun əməkdaşı Yucin Terrey ilə birlikdə balinaların bir-biri ilə ünsiyyətini hidrofonlar vasitəsilə izləmək üsullarını araşdırarkən bu nəticəyə gəlib.

Sıfır və birdən ibarət ikili siqnallar üzərində aparılan yoxlama da təsdiqləyib ki, informasiyanın özü düz dalğanı qabaqlaya bilməz. Buna baxmayaraq, interferensiya siqnala özünəməxsus “sürətlənmə” effekti verə bilər.

Müəlliflərin sözlərinə görə, bu mexanizm kvant tunelləşməsindən və anomal dispersiyadan fərqlənir. Hər iki hadisədə də əvvəllər “işıqdan sürətli” effektlər müşahidə olunub.

Tədqiqatçılar oxşar hadisənin vakuumda işıq üçün də mümkün ola biləcəyini ehtimal edirlər. Növbəti mərhələdə onlar effekti səs və ya işıq dalğaları üzərində eksperimental şəkildə yoxlamağı planlaşdırırlar.

Samir

0