Bu həftədən etibarən “Türk Söhbəti” layihəsinin yeni mövsümü Hit.az-da yayımlanacaq.
Yeni mövsümün ilk müsahibi isə İran üzrə mütəxəssis Ali Şahindir. Onunla ABŞ və İran arasında aylardır davam edən hərbi gərginlik barədə danışdıq. Mütəxəssis iki ölkə arasındakı müharibənin niyə dayanmadığı, savaşa yeni ölkələrin qatılma ehtimalı və danışıqların başlama perspektivlərindən danışdı.
Müsahibəni təqdim edirik:
- Ali bəy, ABŞ ilə İran arasındakı müharibə nə üçün uzun müddətdir dayandırıla bilmir?

- ABŞ ilə İran arasındakı müharibənin daimi olaraq dayandırıla bilməməsinin əsas səbəbi tərəflərin münaqişənin kökündə duran məsələlər üzrə razılığa gələ bilməməsidir. Son dövrlərdə tərəflər arasındakı diplomatik təmaslar haqqında ziddiyyətli bəyanatlar verilir. Hər nə qədər diplomatik mesajlar verilsə də, meydanda gərginlik davam edir. Hənçinin, ABŞ danışıqların yenidən başlaya biləcəyini bəyan etsə də, rəsmi Tehran birbaşa danışıqlar aparıldığını təkzib edir.
Digər tərəfdən, həm ABŞ-nin, həm də İranın hədəfləri bir-birindən fərqlidir. Ağ Ev İranın nüvə proqramının məhdudlaşdırılmasını, balistik raket gücünün qısaldılmasını və bölgədəki proksi qüvvələr verdiyi dəstəyin azaldılmasını istəyərkən, Tehran isə sanksiyaların ləğv edilməsini, rejim təhlükəsizliyinin zəmanət altına alınmasını və çəkindiricilik qabiliyyətini qorumağı prioritet görür. Bu tələblər də işi çətinləşdirir.
- İki ölkə arasında etibar mühiti də yox olub, elə deyilmi?
- Bəli, tərəflər arasında etibar mühiti demək olar ki, yox olub. Keçmişdə tərəflər arasında aparılan danışıqlar və razılaşmalar pozulub. Bu baxımdan, gələcəkdə yeni bir saziş imzalansa belə, bu sazişin ömrü şübhələr doğurur. Bundan başqa, müharibə yalnız ABŞ və İran arasında baş vermir. İsrailin təhlükəsizlik qayğıları, Körfəz ölkələrinin mövqeyi və İranın regional müttəfiqləri münaqişəni çoxaktorlu hala gətirir. Bu səbəbdən iki ölkə razılaşsa bilə sahədəki gərginlik tamamilə sona çatmaya bilər.
Tərəflərin razılığa gəlməsində daxili siyasi təzyiq də mühüm yer tutur. Həm Vaşinqtonda, həm də Tehranda güzəştə getmək siyasi xərc yaradır. Liderlər ictimaiyyətin və siyasi dairələrin təzyiqi səbəbindən çevik davranmaqda çətinlik çəkirlər.
Hazırda meydanda hər iki tərəf bir-birinə qarşı təzyiq göstərmək məqsədilə hərbi imkanlarından istifadə etməyə davam edir. Zaman-zaman hücumlar azalsa da, sonradan yenidən kəskinləşə bilir. Son həftələrdə atəşkəs və danışıqlar təşəbbüsləri gündəmə gəlsə də, bunların daimi bir həll yoluna çevrilmədiyi görünür.
- Ötən həftələrdə İranla Ukrayna və Böyük Britaniya arasında da gərginlik yaşandı. Bu da onların da müharibəyə qoşulma ehtimalını gündəmə gətirdi. Necə düşünürsünüz, İran müharibəsinə qoşulan ölkələrin sayı arta bilərmi?

- Bu ehtimal hər nə qədər aşağı kimi görünsə də, diqqətdən kənarda saxlanıla bilməz. Lakin qısamüddətli perspektivdə Ukrayna və Böyük Britaniyanın İrana qarşı birbaşa müharibəyə girməsi aşağı ehtimal kimi görünür.
Son dövrdə yaşanan diplomatik və təhlükəsizlik mənşəli gərginliklər, xüsusilə İranın Rusiya ilə yaxın əlaqələri və Ukraynanın İranı Rusiyaya dəstək verməkdə ittiham etməsi səbəbindən gərginliyi artırıb. Üstəlik, Böyük Britaniya da İranın öz təhlükəsizliyinə qarşı təhdid yaratdığını tez-tez dilə gətirir.
- Hazırda belə bir risk var?
- Bəli, belə bir risk var. Çünki münaqişənin genişlənmə riski tamamilə aradan qalxmayıb. Əgər İranın hücumları bu ölkələrin hərbi ünsürlərini və ya vətəndaşlarını birbaşa hədəf alarsa və ya Hörmüz boğazı kimi kritik bölgələrdə beynəlxalq ticarəti ciddi şəkildə təhdid edən bir böhran yaşanarsa, bəzi ölkələr birbaşa döyüşən tərəf kimi deyil, hava hücumundan müdafiə, kəşfiyyat mübadiləsi, dəniz təhlükəsizliyi və ya lojistik dəstək kimi sahələrdə daha aktiv rol ala bilər.
Son dövrdə bu istiqamətdə hazırlıq və koordinasiya təşəbbüsləri də gündəmə gəlib. Yəni müharibəyə dəstək verən və ya dolayısı ilə müdaxilə edən ölkələrin sayının artması ehtimalı ola bilər. Lakin bu qoşulmanın birbaşa və genişmiqyaslı hərbi müdaxilə şəklinə düşməsi hazırkı mərhələdə çox ehtimal olunmur. Ən çox ehtimal olunan inkişaf, münaqişənin çoxmillətli təhlükəsizlik və lojistik dəstək şəbəkəsinə doğru genişlənməsi, lakin yeni ölkələrin rəsmən müharibəyə tərəf olmaqdan çəkinməsidir.
- Bəs İranla ABŞ arasında sülh müqaviləsinin imzalanma ehtimalları nə qədərdir? Bu nə vaxt ola bilər?
- Mövcud mənzərəyə baxıldıqda ABŞ ilə İran arasında əhatəli bir sülh müqaviləsinin bağlanma ehtimalı var, lakin qısamüddətli perspektivdə bunun baş tutma ehtimalı aşağıdır. Tərəflər zaman-zaman danışıqlar mesajı versələr də, görüşlərin başlayıb-başlamadığı mövzusunda belə ziddiyyətli bəyanatlar verilir. Önümüzdəki bir neçə ay ərzində daimi bir sülh sazişi gözləmirəm.
Ən böyük ehtimal toqquşmaların nəzarət altında saxlanılmasını təmin edəcək məhdud atəşkəslər və ya müvəqqəti razılaşmalar ola bilər. Digər tərəfdən vasitəçilərin təşəbbüsləri nəticə verib nüvə proqramı, sanksiyalar və Hörmüz boğazı kimi məsələlərdə mühüm irəliləyişlər əldə olunarsa, əhatəli danışıqların başlaması mümkün ola bilər.
Daimi bir sülh sazişi isə ancaq tərəflərin əsas təhlükəsizlik qayğıları aradan qaldırıldıqda mümkün ola bilər. Buna yalnız ABŞ və İranın deyil, İsrail və bölgədəki digər aktorların da prosesə cəlb olunması lazımdır. Qarşıdakı aylarda əhatəli sülh sazişindən əlavə gərginliyi azaltmağa yönəlmiş müvəqqəti uzlaşmaların görünməsi daha ehtimal olunandır.
- Tərəflər arasında danışıqların davam etdirilməsinə qərar verilsə, görüş hansı ölkədə keçirilə bilər?

- Bu görüşlərin keçiriləcəyi ölkənin müəyyənləşdirilməsi hər iki tərəfin razılaşacağı vasitəçi ölkədən asılıdır. Türkiyə də bunlar arasında göstərilə bilər. Çünki Türkiyə son illərdə regionda vasitəçi və gərginliyi azaldan bir ölkə kimi önə çıxır. Lakin iki ölkə arasında baş verən danışıqlar prosesləri araşdırıldıqda Oman, Qətər və Pakistan da önə çıxır ki, zatən əvvəlki danışıqlar prosesi Pakistanda aparılmışdı.
Oman isə ABŞ və İran arasında keçmişdə dəfələrlə gizli və açıq təmasların aparıldığı ölkə olaraq ən güclü namizədlərdən biridir. Qətərin isə son illərdə ABŞ ilə İran arasında mesaj trafikinin idarə olunmasında aktiv rol aldığı bilinməkdədir.
- Yenə Türkiyə tərəflər arasındakı danışıqlara ev sahibliyi edə bilər?

- Düşünürəm ki, ABŞ-İran görüşlərinin Türkiyədə keçirilməsi sürpriz olmaz. Təbii ki, Türkiyənin ev sahibliyi etmək ehtimalı diqqətdən kənarda saxlanıla bilməz. Xüsusilə Ankaranın həm Vaşinqton, həm də Tehran ilə ünsiyyət kanallarını açıq saxlaması və regional diplomatiya təcrübəsi Türkiyəni güclü bir namizədə çevirir. Ancaq keçmiş nümunələr nəzərə alındıqda birinci seçim böyük ehtimalla Oman və ya Qətər, ikinci planda isə Türkiyə ola bilər.
Elmir Mustafa


