Bütün xəbərdarlıqlara, maarifləndirici kampaniyalara və kiberdələduzluqla bağlı çoxsaylı xəbərlərin yayılmasına baxmayaraq, bank kartlarından qanunsuz yollarla pul vəsaitlərinin ələ keçirilməsi halları hələ də səngimir.
Dələduzların istifadə etdiyi üsullar daim dəyişir, insanların diqqətsizliyi və ani qərarları isə onların əsas hədəflərindən birinə çevrilir. Bəs insanlar bütün bu xəbərdarlıqlara baxmayaraq hansı məqamda aldadılır və kiberdələduzlar onların etibarından necə istifadə edirlər?
Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov Hit.az-a açıqlamasında bildirib ki, bankların təhlükəsizlik mexanizmləri bu cür şübhəli əməliyyatları vaxtında müəyyənləşdirərək qarşısını avtomatik şəkildə ala biləcək səviyyədə qurulmalıdır:

“Lakin praktikada bu sistemlərin bütün hallarda effektiv işləmədiyi görünür. Problemin əsas səbəblərindən biri də vətəndaşların öz bank məlumatlarının məxfiliyinə kifayət qədər ciddi yanaşmamasıdır. Bəzən insanlar telefon vasitəsilə onlarla əlaqə saxlayan şəxsin tələbi ilə kart məlumatlarını düşünmədən paylaşırlar. Qarşı tərəfin özünü bank əməkdaşı kimi təqdim etməsi isə onları daha da inandırır”.
Mütəxəssis qeyd edib ki, təhlükəsizlik baxımından ən vacib qaydalardan biri kart məlumatlarının heç bir halda başqa şəxslə paylaşılmamasıdır:
“Telefonun digər ucundakı şəxsin bank nümayəndəsi olduğunu bildirməsi belə bu qaydanı dəyişmir. Vətəndaşlar xüsusilə yadda saxlamalıdırlar ki, bank əməkdaşları telefon danışığı zamanı müştəridən kartın məxfi məlumatlarını tələb etmirlər. Buna görə də belə bir sorğu ilə qarşılaşdıqda məlumatları təqdim etmək əvəzinə əlaqəni dayandırmaq və bankla rəsmi kanallar vasitəsilə əlaqə saxlamaq daha təhlükəsizdir”.
Ekspert onu da əlavə edib ki, digər risk mənbəyi isə internetdə etibarlılığı təsdiqlənməmiş platformalardan istifadə edilməsidir:
“İnsanlar bəzən onlayn alış-veriş zamanı kart məlumatlarını şübhəli və təhlükəsizliyi məlum olmayan saytlara daxil edir, bundan sonra isə hesablarından icazəsiz vəsait çıxarılması ilə üzləşirlər.
Nəticədə kartdan pulun oğurlanması yalnız bank sistemləri ilə bağlı məsələ deyil. Burada həm bankların təhlükəsizlik imkanlarının gücləndirilməsi, həm də istifadəçilərin maliyyə savadlılığının artırılması mühüm rol oynayır”.
Günel Cəlilova


