“Millət vəkili seçilmək istəyirəm” – Akif Nağı ilə doğum günündə MÜSAHİBƏ

MÜSAHİBƏ
13:33 / 13.08.2026
271

Bu gün Azad Vətən Partiyasının sədri, tarix üzrə fəlsəfə doktoru Akif Nağının doğum günüdür.

Siyasətçinin 69 yaşı tamam olur. Biz də doğum günündə Akif müəllimlə söhbətləşdik. Onunla doğum gününü necə keçirdiyini, yeni yaşından gözləntiləri və hədəfləri barədə danışdıq:

-    Akif müəllim, sizi tanıyanlar doğum günü keçirməyi sevmədiyinizi deyirlər. Nə üçün doğum günlərini qeyd etməyi sevmirsiniz?
-    Doğum günlərimi keçirməyi sevmədiyimi deyirlər, lakin əslində məsələ bu deyil. Yaxınların və insanların bir yerə toplaşdığı tədbir və mərasimləri bəyənirəm, sadəcə bu günlərin səmimi mühitdə keçməsini istəyirəm. Yoxsa formal olaraq hər kəsi çağırmaq, hətta qonaqlardan pul yığmaq üçün qutu qoyulması kimi halları qətiyyən xoşlamıram.

-    O zaman doğum gününüzü harada və necə keçirirsiniz?
-    Adətə uyğun olaraq, doğum günümü bu dəfə də ailə üzvlərim, övladlarım və nəvələrimlə birlikdə keçirəcəyik. Hər zaman doğum günümdən əvvəl dostlarla görüşüb qeyd edirik. Doğum günümü isə ailəmlə birlikdə keçirirəm. 

-    Yeni yaşınızdan ən böyük gözləntiniz nələrdir?
-    Hər yeni yaş gələndə insan öz-özünə bu yaşın əvvəlki illərdən daha uğurlu olmasını arzulayır. Lakin 60 yaşdan sonra sanki zirvədən aşağı enməyə başlayırıq. Bu yaşda ən böyük arzu nə ola bilər? Sağlamlıq və salamatlıq olsun, səhhətdə ciddi problemlər yaşanmasın, övladlar, uşaqlar və yaxınlar salamat olsunlar, işləri yaxşı və qaydasında getsin. Arzularımız bunlardır.

Bununla yanaşı, Qarabağla bağlı işlərimizin daha yaxşı nəticələnməsini arzulayırıq. Müəllimlik fəaliyyətimdə uğurlar qazanmağımı və partiyamızın işlərinin rəvan davam etməsini istəyirik.

-    Bəs karyeranızla bağlı hansı hədəfləriniz var?
-    60 yaşdan sonra karyera haqqında düşünmək çətin məsələdir. Lakin hər yaşın öz gözəlliyi və arzuları olduğu kimi, karyera ilə bağlı istək və arzular da təbiidir. Hələ ki, Azərbaycan tarixi ilə bağlı kitablar yazmağa davam edirəm. İnşallah dərslik də nəşr etdirmək istəyirəm. Çətinliklər də var; dərsliyi qəbul etmək istəməyənlər və məsələni başa düşməyənlər həddindən artıq çoxdur.

Məni narahat edən əsas məqam odur ki, Azərbaycan tarixinin tədrisi hələ istədiyimiz səviyyədə deyil və dərsliklərdə ciddi dəyişikliklər edilməlidir. Bu cəhətdən məsələlər çoxdur və bu istiqamətdə uğurlu nəticələrimizin olmasını istəyirəm. Təbii ki, partiya sədriyəm və siyasətlə məşğul olduğumuz üçün millət vəkili seçilməklə bağlı da arzularım var. Allah ömür və imkan versin ki, bu arzularımızı həyata keçirə bilək.

-    Hədiyyə almağı sevmədiyinizi bilirik. Nə üçün doğum günlərinizdə hədiyyə qəbul etmirsiniz?
-    Bəli, hədiyyə almağı o qədər də xoşlamıram. Çünki insan bunun üçün xərc çəkir, qarşı tərəfin bəyənib-bəyənməyəcəyi haqqında düşünür və həyəcan keçirir. Yəni həm xərcə düşür, həm də həyəcanlanır. Ona görə də bunu artıq bir iş hesab edirəm. Xüsusilə də kimsə baha hədiyyə almağa çalışanda bu məni narahat edir.

Özümə gəldikdə isə hədiyyə verərkən xoş münasibət və əhval-ruhiyyə yaratmağa çalışıram. Sadəcə olaraq, hədiyyə seçmək bacarığım yoxdur və bu işdə çox çətinlik çəkirəm. Ən yaxın adamlarıma, övladlarıma, nəvələrimə hədiyyə seçmək mənim üçün çox çətindir. Əgər bir şey alası olsam, həmişə kimdənsə kömək istəyirəm. Ona görə də bu məsələləri o qədər də xoşlamıram.

Elmir Mustafa

0