Hipertoniya riskini dörddə bir azalda bilən məhsul açıqlandı

SAĞLAMLIQ
20:56 / 03.09.2026
40

London Kral Kollecinin alimləri müntəzəm olaraq qoz-fındıq istehlakı ilə hipertoniya inkişafı ehtimalının azalması arasında əlaqə aşkar ediblər. Metaanalizin nəticələrinə görə, gündə təxminən 30 qram qoz-fındıq — təqribən kiçik bir ovuc — xəstəliyin inkişaf riskinin 26 faiz azalması ilə əlaqələndirilib. 

HİT.az xəbər verir ki, tədqiqatın nəticələri “British Journal of Nutrition” jurnalında dərc olunub.

Tədqiqatçılar iştirakçıların müəyyən müddət ərzində izlənildiyi səkkiz prospektiv araşdırmanın məlumatlarını birləşdiriblər. Bu tədqiqatlarda ümumilikdə 20 665 hipertoniya halı qeydə alınıb. Alimlər müxtəlif miqdarda qoz-fındıq istehlak edən insanların xəstələnmə riskini müqayisə edib, həmçinin qida rasionunda bu məhsulun miqdarından asılı olaraq riskin necə dəyişdiyini ayrıca qiymətləndiriblər.

Ən çox qoz-fındıq yeyən iştirakçılarda hipertoniya inkişafı ehtimalı ən az istehlak edənlərlə müqayisədə 16 faiz aşağı olub. Gündə təxminən 30 qram qoz-fındıq istehlak edildikdə əlaqə daha güclü olub: qida rasionunda qoz-fındıq olmayan insanlarla müqayisədə risk 26 faiz aşağı olub.

“Potensial müsbət təsir qoz-fındığın tərkibi ilə əlaqəli ola bilər. Onların tərkibində doymamış yağ turşuları, lif, maqnezium, kalium və ürək-damar sisteminin və arterial təzyiqin normal fəaliyyətinin təmin olunmasında iştirak edən digər maddələr var”, - deyə alimlər bildiriblər.

Tədqiqatın müəllifləri səbəb-nəticə əlaqəsinin ehtimalını kifayət qədər yüksək qiymətləndiriblər. Lakin təhlilə daxil edilən bütün araşdırmalar müşahidə xarakterli olduğundan, nəticələr qoz-fındıq istehlakının birbaşa olaraq hipertoniya xəstəliyinin qarşısını aldığını sübut etmir.

Xəstəliyin inkişaf riskinə ümumi qidalanma, fiziki aktivlik, bədən çəkisi və həyat tərzinin digər xüsusiyyətləri də təsir göstərə bilər.

Samir
 

0