Cənubi Afrikanın Vitvatersrand Universitetindən olan paleontoloqlar qrupu Zimbabvedə, Kariba gölündə yeni dinozavr növü — Musango matusadonaensis — aşkar edib. Tədqiqatçılar Nil timsahları və begemotların arasında təhlükəli ekspedisiya zamanı tapılan fosilləri səkkiz il ərzində araşdırıblar.
HİT.az xəbər verir ki, bu barədə Radio New Zealand (RNZ) məlumat yayıb.
Qədim sürünən Qondvana superqitəsində gec trias dövründə, təxminən 237-201 milyon il əvvəl yaşayıb. O, diplodok kimi uzunboyunlu dinozavrların erkən ikiayaqlı qohumu olub. Tapılan nümunənin uzunluğu 4,5 metrə, çəkisi isə təxminən 222 kiloqrama çatıb. Heyvan təxminən səkkiz yaşında tələf olub.
Alimlər güman edirlər ki, bu canlı sahilyanı bitkilərlə qidalanıb. Lakin heyvanın kəlləsi tapılana qədər onun dəqiq qida rasionunu müəyyənləşdirmək mümkün olmayacaq.
Tədqiqatın aparıcı müəllifi Pol Barret bildirib: «Biz həmişə güman edirdik ki, dünyanın bu hissəsindəki dinozavrlar, əslində, Cənubi Afrikanın müxtəlif yerlərində aşkar etdiyimiz dinozavrlarla eyni olacaqlar. Lakin məlum olur ki, nə qədər çox axtarış aparırıqsa, onların bir-birindən fərqləri də bir o qədər çox üzə çıxır».
Bu kəşf Zimbabvedə rəsmi olaraq adlandırılmış dinozavr növlərinin sayını cəmi beşə çatdırıb. Ölkə uzun müddət tədqiqatçıların diqqətindən kənarda qalıb. Buna yataqların uzaq ərazilərdə yerləşməsi və 1964-1979-cu illərdə baş vermiş vətəndaş münaqişəsinin nəticələri səbəb olub. Münaqişə elmi kadrların Cənubi Afrikaya axınına gətirib çıxarıb.
Hazırda Afrika qitəsinin cənub hissəsi qədim sümükləri mükəmməl şəkildə qoruyub saxlayan çöküntü süxurlarına görə bioloqların marağını cəlb edir. Bu süxurlarda uzun müddət ərzində lil və qum toplanıb.
Vitvatersrand Universitetinin müqayisəli biologiya professoru Yona Çoinyerin sözlərinə görə, bu region tarixəqədərki heyvanların əsas qruplarının mənşəyini anlamaq baxımından böyük əhəmiyyət daşıyır.
Alimlər əmindirlər ki, aşkar edilən tapıntılar yalnız «aysberqin görünən hissəsidir». Onlar artıq 2027-ci ildə Kariba gölünə yeni ekspedisiya təşkil etməyi planlaşdırırlar.
Samir


