Avropada qeyri-adi daşınmaz əmlak satışa çıxarılıb. İspaniyada yerləşən, üzərində tarixi qala olan şəxsi ada 3,25 milyon avroya alıcı axtarır. Yeni sahibi həm bütöv bir adaya, həm də dörd mərtəbəli yaşayış binasına sahib ola bilər.
HİT.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Söhbət İspaniyanın paytaxtı Madriddən avtomobillə cəmi bir saatlıq məsafədə yerləşən İsla-Sentinela (Isla Centinela) adasından gedir. Sahəsi 10 min kvadratmetr olan ada El-Burqilyo su anbarının ortasında yerləşir.
Adanın əsas görməli məkanı 1923-cü ildə inşa edilmiş qeyri-adi qaladır. Əvvəllər müşahidə qülləsi kimi istifadə olunan tikili sonradan dörd mərtəbəli yaşayış binasına çevrilib. Binanın iri qüllələri və döşəmədən tavana qədər uzanan panoramik pəncərələri var. Pəncərələrdən Avila dağlarına və su anbarına mənzərə açılır.
Qalanın interyerində tarixi memarlıq elementləri müasir rahatlıqla birləşdirilib. Burada kaminlə təchiz olunmuş yeddi geniş suit, peşəkar bar, əyləncə otağı, qonaq otağı, mətbəx, qaraj və anbar mövcuddur. Əyləncə otağını ehtiyac yaranarsa, əlavə dörd yataq otağına çevirmək mümkündür.
Adanın digər üstünlüyü onun müstəqil həyat təminatı sisteminə malik olmasıdır. Ərazidə suyun təmizlənməsi və filtrasiyası üçün avadanlıqlar, günəş panelləri və ehtiyat generator quraşdırılıb. Bundan başqa, şəxsi körfəzlər, meşəlik sahələr və qayıqlar üçün körpü də var.
Maraqlıdır ki, su anbarında suyun səviyyəsi aşağı düşdüyü ilin müəyyən dövrlərində ada quru ərazi ilə birləşir. Belə vaxtlarda ora avtomobillə getmək də mümkün olur.
Daşınmaz əmlak satışını Century 21 Homeplace agentliyi həyata keçirir. Adanın qiyməti 3,25 milyon avro müəyyən edilib.
Yunanıstanda da şəxsi ada satışdadır
Avropada satışa çıxarılan yeganə şəxsi ada İsla-Sentinela deyil. Egey dənizinin cənub-şərqində, Dodekanes arxipelaqında yerləşən Stroqqilo adası da yeni sahibini gözləyir.
Sahəsi 54 akr olan Yunanıstan adası 4,5 milyon avroya satışa çıxarılıb. Vaxtilə əlverişsiz hava şəraitindən qorunmaq istəyən dənizçilər üçün sığınacaq rolunu oynayan ərazi hazırda tikilisiz və təbii vəziyyətdədir.
Adanın əsas üstünlükləri ilboyu yaşıl bitki örtüyü, mənzərəli sahil xətti və toxunulmamış təbiətidir. Ona yaxın ərazidə Patmos və Leros kimi adalar yerləşir. Ən məşhur turizm istiqamətlərindən biri olan Kos adasına qədər məsafə isə təxminən 45 dəniz milidir.
Satış elanı Private Islands Inc. platformasında yerləşdirilib.
Samir


