"Səsim olsaydı, ən məşhur müğənni olardım" - Aktrisa ilə MÜSAHİBƏ

MAQAZİN
16:00 / 13.10.2023
3093

"Səsim olsaydı, bəlkə də Azərbaycanda ən məşhur müğənnilərdən olardım".

Bu sözləri məşhur aktrisa Gülmira Fərzəliyeva HİT.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik:

- Gülmira xanım, sosial şəbəkə hesablarınızdan pul qazanırsınız? Yəni reklam postunu neçəyə paylaşırsınız?
- Bəli, "Instagram"da reklam paylaşıram. Məsələn, hədiyyələr və ya pul qarşılığında ola bilir. Bunun üçün standart qiymət müəyyən etməmişəm. Dost-tanış olanda müəyyən endirimlər edirəm. Amma səhifəmdə çox reklam paylaşmaq istəmirəm. Əsasən çəkildiyim seriallardan müəyyən fraqmentlər paylaşıram.

Əslində, sosial şəbəkələri sevmirəm və "Instagram"da da çox aktiv deyiləm. Real həyatda dostlarıma, tanışlarıma vaxt ayırmağı sevirəm. 

Bəzən bloggerlərə baxıram ki, hər şeyi paylaşırlar. Getdikləri hər məkanı, yedikləri hər yeməyi və gələn bütün hədiyyələri paylaşırlar. Məncə, bu da düz deyil. Düşünürəm ki, bir az izləyicilər üçün gizli qalmaq lazımdır. Onlar, sənə daim maraq göstərməli və izləməlidirlər. Hətta mən getdiyim məkanları və gələn hədiyyələrin belə əksəriyyətini paylaşmıram.

- Ölkəmizdə, xaricdə, xüsusən də qardaş Türkiyədə bəzi məşhur aktrisaların şəxsi "YouTube" kanalı açaraq, orada da maraqlı fəaliyyət göstərdiklərini görürük. Bəs siz belə bir layihə düşünürsünüz?
- Ümumiyyətlə, "YouTube"la bağlı heç bir layihə fikirləşmirəm. "Instagram"ı güclə işlədirəm, qaldi ki, "YouTube" (gülür).

- İndiyə kimi Elməddin Cəfərovun və ya Fərda Aminin layihələrindən təklif almısınız? Və ya onlarla tərəf müqabili olmaq istəyərsiniz?
- Fərda Amin ilə "Baldız" serialında çəkilmişik. Amma tam tərəf müqabili olmamışıq. Sadəcə bir setdə çalışmışıq. Elməddin Cəfərovun isə "Bacanaqlar" və "Qız atası" seriallarında qonaq qismində rol almışam. Özü ilə heç vaxt çəkilməmişəm. Lakin təklif gələrsə, dəyərləndirə bilərəm. Çünki mən sərbəst çalışıram və heç kimdən asılı deyiləm. Yeganə icazəni Dilarə xanım Əliyevadan alıram. Ona "filan layihədən təklif gəlib, məsləhət bilirsiniz və razılıq verirsinizsə gedim çəkilim" deyirəm.

- Bəzi aktrisaların mahnı oxuduğunu da görürük. Bəs sizin belə bir düşüncəniz varmı?
- Əslində bütün ətrafım deyir ki, "Gülya, səndə o görünüş və performans var. Sən də müğənni ol". Amma səsim yoxdur. Səsim olsaydı, bəlkə də Azərbaycanda ən məşhur müğənnilərdən olardım. Sadəcə səsim yoxdur. Buna baxmayaraq, yeni serialımızda müğənnini canlandırıram. Ətrafımdakılar o qədər "müğənni ol" dedilər ki, ən azından serialda müğənni oldum.

- İndiyə kimi birlikdə rol aldığınız ən yaxşı aktyor və aktrisa kim olub? 
- Mənim çalışdığım komanda çox peşəkardır. Dilarə Əliyevanın rəhbərlik etdiyi komandadır. Üstəlik, Dilarə xanımla 3 il "Baldız" serialında tərəf müqabili olmuşuq. Ona görə də bu suala Dilarə xanım cavabını verərdim. O, çox güclü aktrisadır və hər bir janrda oynaya bilir. Mən Azərbaycanda ən güclü aktrisa olaraq hələ ki, onu tanıyıram. 

Aktyorlardan isə Rəsul Abbasov, Vüsal Murtuzəliyev, Cavid Telman, Nadir Məmmədov və Məcid Hüseynovu qeyd edə bilərəm. 

Pərviz Şimşək

0