Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canana ilə İTV-nin tanınmış aparıcısı Saleh Bağırov arasında qalmaqal məhkəmə müstəvisinə çıxıb.
Musavat.com bildirir ki, Canana Saleh Bağırovu məhkəməyə verib.
Bu gün Yasamal Rayon Məhkəməsində tərəflər arasında proses keçirilsə də, qarşı tərəf – Saleh Bağırov məhkəmə iclasında iştirak etməyib.
Canana sosial şəbəkə hesabında proseslə bağlı açıqlama verərək bildirib ki, məhkəmə iclası avqustun 13-nə təxirə salınıb:
“Bu gün məhkəmə oldu, amma qarşı tərəf gəlmədi. Nəticədə məhkəmə iclasının vaxtını avqustun 13-nə təyin etdi. Həmin vaxt məhkəmənin Saleh Bağırov barəsində hansı qərarı verəcəyini görəcəksiniz. Saleh Bağırov elə bilməsin ki, yalan ifadəsi ilə özünü doğruya çıxaracaq. Qanun hər kəs üçündür”.
Xatırladaq ki, tərəflər arasında qalmaqalın kökündə bloger Sulinin Canana haqqında sosial şəbəkədə səsləndirdiyi tənqidi fikirlər dayanır. Saleh Bağırov isə blogerin paylaşımına münasibət bildirərkən olduqca sərt ifadələr işlədib.
Aparıcının paylaşımında belə ifadələr yer alıb:
“Bir qadının şərəfsiz, şəxsiyyətsiz olması böyük dərddir! Bir qadının itirəcəyi heç nəyinin olmaması bir bəladır!”
Saleh Bağırov daha sonra həmin paylaşımını izah edərək sosial şəbəkədə yazdığı fikirlərin konkret olaraq hər hansı şəxsə ünvanlanmadığını və ümumi xarakter daşıdığını bildirib.


