“Ginnesin Rekordlar Kitabı”na düşməyə çalışan qəbələli “Miçurin”in sirri - FOTOLAR

MARAQLI
20:25 / 22.04.2023
679

Firavan Məmmədyarov Qəbələnin Çuxur Qəbələ kəndində yaşayır və öz təsərrüfatında bir çox yeniliklərə imza atıb. O, uzun illərdir, bağçılıq sahəsində etdiyi yeniliklərlə ad çıxarıb. Sonuncu dəfə isə bir ağaca 100 calaq vurub. Bu yenilikləri ilə məqsədi adını rekordlar kitabına yazdırmaqdır. Elə bu səbəbdən də çoxları onu “Miçurin” ləqəbi ilə çağırır. 

Firavan Məmmədov öz yenilikləri ilə yerli sakinləri heyrətləndirə bilsə də, hələlik işləri ilə ölkə xaricindən heç kim onunla maraqlanmayıb.

Təcrübəli bağban təsərrüfatında əkdiyi tinglərə və güllərə calaqlar vurmaqla bitkinin təyinatını dəyişməyi bacarıb. 

Firavan Məmmədyarov deyir ki, indiyə kimi bir gövdənin üzərində 100-dən çox alma növünü calaq edib. Bağbanın təsərrüfatında 2 mindən çox meyvə ağacı var. Bunların 300-dən çoxu yerli sortlara aid deyil. Bağda seleksiya edilmiş yüzlərlə alma, armud, şaftalı və tut ağacına rast gəlmək mümkündür. 

F.Məmmədyarov bildirir ki, o, hətta tərəvəz bitkiləri üzərində maraqlı seleksiya işləri aparır.
Məsələn, ötən il bağban bir ədəd pomidor kolu üzərində üç fərqli növ yetişdirməyə nail olub. Bu il təcrübəli bağban həmin pomidor sortu üzərində daha beş müxtəlif növ pomidor yetişdirməyi planlaşdırır.  

F.Məmmədyarovun mətbuatdan, hətta yaxın ətrafından gizli saxladığı araşdırmaları da var. O, gizli saxladığı bu işini, özünün sənət əsəri adlandırır. Dediyinə görə, xarici ölkələrin birində yaşayan həmkarı ilə onlayn əməkdaşlıq əlaqələri yaradıb və birgə tədqiqatları davam etdirirlər.

Bu işi ərsəyə gətirəndən sonra onlar birlikdə "Ginnesin Rekordlar Kitabı"na müraciət ünvanlayacaq.  

0