Bazar ertəsi doğulanların xüsusi qabiliyyəti olduğu iddia edilir

MARAQLI
23:53 / 05.11.2026
34

Astroloqların fikrincə, bazar ertəsi dünyaya gələn insanlar güclü intuisiyaları və emosional həssaslıqları ilə fərqlənirlər. İddialara görə, onlar qarşılarındakı şəxsin əhvalını tez hiss edir, insanların davranışındakı dəyişiklikləri asanlıqla sezirlər.

HİT.az xəbər verir ki, bu barədə “Parade” jurnalı məlumat yayıb.

Astroloji yozumlarda bazar ertəsi Ayın günü hesab olunur. Ay isə simvolik olaraq duyğular, yaddaş, instinktlər və şüuraltı ilə əlaqələndirilir. Bu səbəbdən həmin gün doğulan insanların emosional intellektinin və daxili hisslərinin daha güclü olduğu iddia edilir.

Astroloqların fikrincə, belə insanlar bəzən həmsöhbətlərinin əhvalının dəyişdiyini onlar bunu sözlə ifadə etməmişdən əvvəl hiss edə bilirlər. Həmçinin, ilk tanışlıq zamanı bir insanın və ya müəyyən mühitin onlara uyğun olub-olmadığını tez müəyyənləşdirdikləri bildirilir.

İntuisiyanın əsas əlamətləri

Məqalədə bazar ertəsi doğulan insanlarda güclü intuisiya ilə əlaqələndirilən bir neçə xüsusiyyət sadalanır:

- İnsanları və mühiti tez duyurlar, özlərini kimin yanında rahat hiss etdiklərini asanlıqla müəyyənləşdirirlər.
- Emosional məzmunlu və yaddaqalan yuxular görürlər.
- Söhbət zamanı nə vaxt danışmaq, nə vaxt susmaq lazım olduğunu yaxşı hiss edirlər.
- Ətrafdakı insanlarda etibar yaradır, hətta tanımadıqları şəxslər də onlarla şəxsi problemlərini bölüşə bilirlər.

Bununla belə, astroloqlar yüksək həssaslığın mənfi tərəflərinin də olduğunu bildirirlər. Belə insanların başqalarının problemlərini həddindən artıq öz üzərlərinə götürməsi emosional yorğunluğa səbəb ola bilər.

İntuisiyanı necə inkişaf etdirmək olar?

Astroloqlar bazar ertəsi doğulanlara hisslərini gündəlikdə qeyd etməyi, təklikdə vaxt keçirməyi və daxili duyğularına diqqət yetirməyi məsləhət görürlər. Həmçinin Ayın fazalarını izləmək və dəniz kənarında vaxt keçirmək də tövsiyələr arasında yer alır.

Samir
 

0