ABŞ-ın Yelloustoun Milli Parkında təxminən 80 il ərzində müşahidə olunmayan təbiət hadisəsi qeydə alınıb. Ərazidə gənc ağcaqovaq ağacları yenidən sürətlə böyüməyə başlayıb. Alimlər bu dəyişikliyi 1995-ci ildə parka gətirilən canavarların ekosistemə təsiri ilə əlaqələndirirlər.
HİT.az xəbər verir ki, bu barədə “Futura Sciences” məlumat yayıb.
Məlumata görə, 2012-ci ildə Yelloustounun ağcaqovaq meşələrini araşdıran alimlər bəzi ərazilərdə yetkinləşə biləcək cavan ağacların demək olar ki, olmadığını müəyyən ediblər. Buna səbəb maralların ağacların yeni pöhrələrini daim yeməsi olub.
Lakin bir neçə il sonra Oreqon Dövlət Universitetinin ekoloqu Lyuk Peynter həmin əraziləri yenidən araşdırarkən ciddi dəyişikliklər aşkar edib. Tədqiq olunan 87 meşə sahəsinin təxminən üçdə birində hündür cavan ağcaqovaqların böyüdüyü müşahidə olunub. Ümumilikdə ərazilərin üçdə ikisində müsbət dinamika qeydə alınıb.
Canavarların qayıdışı ekosistemi necə dəyişdi?
1926-cı ilə qədər Yelloustounda canavarlar federal proqramlar çərçivəsində tamamilə məhv edilmişdi. Yırtıcıların yoxa çıxması maralların sayının artmasına, onların isə ağcaqovaq, söyüd və digər ağacların pöhrələrini daha çox yeməsinə səbəb olmuşdu. Nəticədə bəzi ərazilərdə ağaclar 1940-cı illərdən bəri yetkin ölçüyə çata bilmirdi.
Vəziyyət 1995-ci ildə milli parka ilk 14 canavarın gətirilməsindən sonra dəyişməyə başlayıb. Yırtıcıların qayıdışı yalnız maralların sayına deyil, davranışlarına da təsir göstərib. Canavar hücumu təhlükəsi səbəbindən marallar əvvəllər uzun müddət qidalandıqları açıq ərazilərdən və çay kənarındakı bəzi sahələrdən uzaq durmağa başlayıblar.
Bu isə cavan ağacların heyvanlar tərəfindən yeyilmədən böyüməsinə şərait yaradıb.
Meşələrin bərpasında başqa amillər də rol oynayır
Tədqiqatçılar vurğulayırlar ki, bitki örtüyünün bərpasını yalnız canavarların qayıdışı ilə izah etmək olmaz. Ayılar, pumalar, bizonlar, hava şəraiti və insan fəaliyyəti də meşələrin vəziyyətinə təsir göstərir.
Bununla belə, alimlərin müşahidələri Yelloustoun ekosistemində müsbət dəyişikliklərin baş verdiyini göstərir. Araşdırma yırtıcıların təbiətdəki tarazlığın qorunmasında və bitki örtüyünün bərpasında mühüm rol oynaya biləcəyini bir daha gündəmə gətirir.
Samir


