Daimi qorxu hissindən necə xilas ola bilərik? - Psixoloqdan AÇIQLAMA

MARAQLI
12:12 / 09.10.2024
580

"Günlük həyatda yaşanan stress, narahatlıq, gərginlik və travmatik hadisələr daimi qorxu hiss etməyimizə səbəb olur". 

Bu sözləri Klinik psixoloq Zəhra Zahidova Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, uşaqlıq dövründə yaşanılan qorxulu anlar və stressli mühitdə böyümə də insanlarda müxtəlif cür qorxu hissinin yaranmasına gətirib çıxarır:

"Qorxu hissi isə müxtəlif fiziki və psixoloji xəstəliklərin yaranmasına səbəb ola bilər. Məsələn, panik atak, yuxu pozuntuları, yüksək təzyiq kimi xəstəliklər bunlardan sadəcə bir neçəsidir.

Üstəlik, uzun müddət davam edən qorxu depressiya əlamətlərini də gücləndirə bilər. Həmçinin, qorxu hissinin bədəndə uzunmüddətli stress reaksiyalarını aktivləşdirməsi də immun sistemini zəiflədərək xəstəliklərin yaranma riskini daha çox artırır". 

359792

Psixoloq qorxu hissindən xilas olmaq üçün ev şəraitində nə edə biləcəyimiz barədə də danışıb:

"İlk növbədə öz hisslərinizi yazaraq fərqindəliyinizi artıra bilərsiniz. Bununla qorxunun yaranma səbəbini tapmaq mümkündür. Eyni zamanda, meditasiya və nəfəs alma məşqləri, stresslə narahatlığı azaltmağa kömək edir. Bundan əlavə, yürüş və idman kimi fiziki aktivlik isə endorfin ifrazini artırır. O isə öz növbəsində qorxu hissini azaltmağa kömək edir". 

Zəhra Zahidova qeyd edib ki, mütəmadi qorxu hissi yaşayanlar psixoloji dəstək almalıdırlar:

"Əgər xroniki qorxu hissi yaşayırsınızsa, professional dəstək almağınız vacibdir. Psixoloqla seanslar bu hissin köklərini anlamağa və sözügedən problemdən tamamilə xilas olmağa kömək edəcək".

Pərviz

0