Qırx ilin xətrinə: Dünya Türk qəhvəsi gününü qeyd edin - FOTO

MARAQLI
13:09 / 21.11.2024
459
Türkiyədə dadmalı olduğunuz ən orijinal ləzzətlərdən biri olan Türk qəhvəsi, özünəməxsus dadı və dəmləmə prosesi ilə seçilir. Lakin bu torpaqlarda qəhvə sadəcə kofeinli bir içki deyil, həm də qonaqpərvərlik və dostluğun simvoludur. Türk mədəniyyətində dərin kök salmış bu ətirli içkini birlikdə içmək, insanları bir-birinə daha da yaxınlaşdıran və söhbətləri daha dərin edən dəyərli bir an sayılır.
 
Necə deyərlər: "Bir fincan qəhvənin qırx il xətri var"
 
Elə buna görə də, UNESCO 2013-cü ildə Türk qəhvəsini Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil etmişdir. O zamandan bəri, 5 dekabr "Dünya Türk Qəhvəsi Günü” kimi qeyd olunur. Belə bir özəl günün şərəfinə bu xüsusi içkinin tarixini öyrənək.
 
Qəhvənin Türk torpaqlarına gəlişi
 
Qəhvə Osmanlı İmperiyası dövründə Yəmən vasitəsilə Sultan Süleymanın İstanbuldakı sarayına gəlib çatmışdır. Sarayın mətbəxindəki ustalar qəhvəni hazırlamaq üçün yeni bir dəmləmə üsulu yaratmağı bacardılar. Türk qəhvəsi adını türklərin kəşf etdiyi bu bişirmə üsulundan alıb. Əvvəlcə sarayda məşhur olan Türk qəhvəsi zamanla İstanbul küçələrinə yayılmağa başladı. XVI əsrdə insanlar qəhvə içərək sosiallaşdığı ictimai qəhvəxanalar fəaliyyətə başladı. İstanbul kosmopolit və ticarət mərkəzi olduğu üçün qəhvə bir müddət sonra yenidən sərhədləri aşmağı bacardı. Tüccarlar qəhvə dənələrini uzaq diyarlara apararkən, Avropalı diplomatlar və digər rəsmi şəxslər bu qəhvə mədəniyyətini öz ölkələrində tanıtmağa başladılar.
 
Türk mədəniyyətinə həkk olunmuş bir ənənə
 
Türk qəhvəsi əsrlər boyu Türk mədəniyyətinin ayrılmaz bir hissəsinə çevrildi. Onu bu qədər unikal edən cəhət dəmləmə üsulunun dəyişməz qalmasıdır. Dadlı bir Türk qəhvəsi hazırlamaq üçün çox incə üyüdülmüş qəhvə lazımdır. Qəhvə, "cezvə” adlanan uzun saplı və tökmə dodaqlı bir qabda hazırlanır və kiçik fincanlarda təqdim edilir. Şəkər mövzusunda isə içənlər zövqə görə şəkərsiz, az şəkərli və ya şirin Türk qəhvəsini seçə bilərlər.
 
Türk qəhvəsi ənənəvi olaraq bir stəkan su və lokum ilə birlikdə təqdim edilir. Su, içənlərin damağını təmizləyərək qəhvənin dadını tam hiss etməsinə kömək edir. Qəhvə Türk mədəniyyətində o qədər önəmlidir ki, hətta Türk dilində səhər yeməyi anlamına gələn "kahvaltı” sözü birbaşa "qəhvədən əvvəl yemək” kimi tərcümə olunur. Türkiyədə qəhvə içmək üçün hər zaman bir səbəb var. Qəhvə hər yeməkdən sonra həzm üçün içilir, dost söhbətlərində və ya ev ziyarətlərində daima yer alır.
 
Belə səmimi görüşlərdə qəhvə ilə fal baxmaq da Türklərin əyləncəli bir ənənəsidir. Türklər boş vaxt olduqda, qəhvə fincanını çevririb qəhvənin dibində yaranan şəkillərdən fala baxırlar. Fincanın içindəki təsvirləri dostlarla birgə şərh etmək maraqlı bir ritualdır. Türk qəhvəsi təqdimatı dini bayramlardan nişan mərasimlərinə qədər hər xüsusi günün ayrılmaz hissəsidir.
 
Qurmanlar üçün Türk qəhvəsi növləri
 
Türk qəhvəsi gündəlik həyatın ayrılmaz bir hissəsi olsa da, onun hər bölgədə fərqli dad və hazırlama üsulları var. Məsələn, mastik ağaclarının bol olduğu Ege bölgəsində Türk qəhvəsi mastik saqqızı ilə hazırlanır. Daha meyvəli və kofeinsiz Menengiç qəhvəsi isə Qaziantep bölgəsində xüsusi bir yer tutur. Bu qəhvə cənub-şərqi Türkiyədə yetişən Pistacia terebinthus ağacının dənələrindən hazırlanır. Cənub-şərqin digər məşhur qəhvə növü olan Mırra isə Mardin və Şanlıurfa şəhərlərində məşhurdur. Kəskin ləzzəti ilə seçilən Mırra, qulpsuz kiçik fincanlarda təqdim edilir. Daha yumşaq bir ləzzətə üstünlük verənlər üçün isə Dibək qəhvəsi əvəzolunmaz seçimdir. Türk qəhvəsi bişirilmə üsullarına görə də fərqlənir: isti qumda, közdə və ya küllükdə bişirilməsi ona unikal bir dad qatır.
 
Köpüklü Türk qəhvəsinin sirri
 
Dünya Türk Qəhvəsi Gününü öz mətbəxinizdə köpüklü Türk qəhvəsi hazırlayaraq qeyd edin!
 
Ən önəmli məqam təzə qəhvə dənələri seçməkdir. Qəhvə çox incə üyüdülməli və xüsusi bir qazanda, "cezvə”də su ilə qarışdırılmalıdır. Şəkər miqdarını zövqünüzə uyğun əlavə edə bilərsiniz. Qəhvə qaynamağa başladıqda üzərində bir köpük qatı yaranacaq. Onu diqqətlə töksəniz, köpük fincanın üstündə qalacaq. Qəhvəni bir stəkan su ilə ləzzətlə içə bilərsiniz. Yaxud bu vazkeçilməz içkini öz vətənində ən yaxşı şəkildə dadmaq üçün dərhal Türkiyəyə bir səyahət planlaya bilərsiniz.
 
 
0